İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk




Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində Abşeron rayonlararası bioloji laboratoriyasında istehsal olunmuş trixoqramma tüfeyli həşaratının istixana şəraitində yetişdirilən pomidor bitkisinə tətbiqinin təqdimatı keçirilib.

AFN xəbər verir ki, təqdimatın həyata keçirilməsində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün bitki zərərvericilərinə qarşı bioloji mübarizə üsullarından olan entomofoqların tətbiqinin vacibliyini göstərmək, bu üsulun fermerlər üçün daha sərfəli olduğunu ictimaiyyətə çatdırmaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir.

Təqdimat zamanı zərərsiz tüfeyli həşəratlar qrupuna aid olan bu həşəratın ilk dəfə istixana şəraitində yetişdirilən pomidor sahəsinə tətbiqi həyata keçirilib. Belə ki, pomidor güvəsinin və sovkaların yumurtalarının sirayətlənmə dərəcəsi müəyyənləşdirilib, istixana şəraitində trixoqramma tüfeylisinin mübarizə tədbirləri sisteminə əlavə olunması imkanları qiymətləndirilib.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır. Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üc dəfə trixoqramma buraxılması nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.

Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun pambıq, qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin miqdarının azalması, məhsulun maya dəyərinin aşagı düşməsi, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.

Biloji mübarizə üsulundan istifadə etmək istəyən fermerlər trixoqrammadan heç bir vəsait ödəmədən əldə etmək üçün müvafiq rayon Dövlət Aqrar İnkşaf mərkəzlərinə (DAİM), eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu