Şəkidə 4500 nəfərin yaşadığı kənd içməli su ilə təmin edilib
"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə gerçəkləşdirib.
AFN xəbər verir ki, sayca on birinci olan layihə Şəki rayonunun Qozlubulaq kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şəki Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və layihənin koordinatoru Gunel İbrahim layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin əhali, ərazi və iqtisadiyyat baxımından önəmli olan Şəki rayonunda həyata keçirdiyinə görə JTI şirkətinə öz minnətdarlıqlarını bildiriblər. JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını deyib.
Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.
Əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Samux rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 50 000-ə yaxın vətəndaş təmiz içməli su ilə təmin edilib.