II qrup Qarabağ qazisinin əlilliyi niyə ləğv edildi? - ŞİKAYƏT




"Hərbi xidmət keçdiyim müddətdə səhhətimdə problemlər yaranıb və mən uzun müddət müalicə almalı oldum. Əlimdə bunu təsdiq edən sənədlər də var. Mənə 09.02.2018-ci ildə II qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilib. Lakin 2019-cu il iyun ayından əlilliyim əsassız yerə ləğv olunub. Bu qərarı qanunsuz və haqsız hesab edirəm".



Bunu AFN-ə müraciət edən Qax rayonunun Güllük kənd sakini Altunay Osmanlı yazdığı məktubda qeyd edib. O, bildirib ki, səhhəti ilə bağlı 17.10.2017-ci ildə ehtiyata buraxılıb: "Aprel döyüşlərində də iştirak etmişəm. Səhhətimdə yaranan ağrılara görə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında 2 dəfə (25.05.2017-30.05.2017, 13.07.2017- 20.07.2017) müayinə, 1 dəfə (30.06.2017-06.07.2017) müalicə oldum. 09.02.2018-ci ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət edərək, 09.02.2018- 09.02.2023-cü ilədək II qrup hərbi xidmət əlilliyi aldım. Mənə 2019-cu il iyun ayınadək, yəni əlilliyim ləğv olunanadək təqaüd verildi".

Aprel döyüşçüsüi müraciət məktubunda haqsızlığa məruz qaldığını bildirərək, əlilliyinin təkrar bərpa edilməsini istəyir.

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Fazil Talıblı AFN-ə açıqlamasında bildirdi ki, vətəndaşın əlilliklə bağlı təqdim etdiyi sənəd etibarsızdır: "Osmanlı Altunay Sərvər oğlunun əlilliyinin qiymətləndirilməsi üçün tərtib edilən forma 88 Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsi tərəfindən göndərilib. Qanuna əsasən, yalnız DİN-in işçiləri bu səhiyyə müəssisəsinə əlilliklə bağlı müraciət edə bilərlər. Digər vətəndaşların həmin müəssisədən aldığı əlilliklə bağlı göndərişlər etibarsız qəbul olunur. Qeyd edim ki, DİN-in Tibb İdarəsinin özü Osmanlı Altunayın forma 88-ini etibarsız hesab edib və vətəndaşın əlilliyi də bu səbəbdən ləğv olunub".

F.Talıblı onu da qeyd etdi ki, vətəndaş əlilliyinin bərpa olunması üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu