Əli Həsənov: "Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir"
Bu gün Azərbaycanda Radio və televiziya işçilərinin peşə bayramı günü münasibəti ilə Akademik Opera və Balet Teatrında tədbir keçirilib.
AFN APA-ya istinadən xəbər verir ki, tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov çıxış edərək Azərbaycanda Radio və Televiziya günü münasibəti ilə teleradio işçilərini təbrik edib. O, teleradio fəaliyyətinin Azərbaycanın mədəniyyətinin güzgüsü olduğunu bildirib: "Onlar Azərbaycan mədəniyyəti və incəsənətinin salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdırlar. Azərbaycan incəsənəti, mədəniyyəti, musiqisi, teleradionun laboratoriyalarında yaranır və inkişaf edir, faktiki olaraq Azərbaycan radio və televiziyası filarmonik rol oynayıb. Biz siyasətçilər teleradioya həmişə Azərbaycan siyasi-ictimai salnaməsini yaradan bir qurum kimi baxmışıq".
Ə.Həsənov ümummili lideri Heydər Əliyevin teleradio işçilərinə böyük önəm verdiyini də vurğulayıb: "Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib. Teleradiolarımız ən müasir texnoloji yeniliklərlə təmin olunublar. Hazırda onlar nəinki Cənubi Qafqazın, hətta dünyanın ən qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədirlər. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ mən Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Vətəndaşlarımız ölkədə və dünyada baş verən hadisələri birbaşa sosial şəbəkədən izləyirlər. Əsl söz, mətbuat azadlığı bu deməkdir. Bunun əsasını bildiyiniz kimi Heydər Əliyev qoymuşdu. Məlumdur ki, 1998-ci ildə bütün teleradio vasitələri üzərindən nəzarət götürüldü".
O, 2003-cü ildən əksər televiziyaların HD sisteminə keçibdiyini diqqətə çatdırıb: "Bir sözlə teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Bu bayram günündə mən sizin hər birinizi təbrik edir və yaradıcılıq uğurları arzulayıram".
Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçdiyini qeyd edib: "Bu dövr ərzində televiziya və radio böyük inkişaf yolu keçib. Azərbaycan Televiziyası xalqın məlumatlandırılmasında və ən əsası düzgün məlumatlandırılmasında öncül rol oynayır".
N.Məhərrəmli müstəqillik illərində özəl radio və televiziyaların yaranmağa başladığını nəzərə çatdırıb: "Bu kanal və radiolar Azərbaycanın teleradio məkanına zənginlik gətirdi, bu sahədə çalışan insanlar da çoxaldı. Bu illərdə digər bir cəhət yeni mexanizmlərin yaranması oldu. Bu illər ərzində kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir".
O, Azərbaycanda ixtisaslaşmış sahə kanallarının fəaliyyət göstərdiyini də bildirib: "Onların içərisində Mədəniyyət, İdman, Real TV və ARB24 kanallarını xüsusi ilə qeyd etmək istəyirəm, göründüyü kimi sahə kanallarının yaranması çox ciddi uğurdur. Sadaladığım bu televiziya kanallarında xalqı narahat edən şou xarakterli verilişlər də yoxdur. Hələ Ulu öndər Heydər Əliyevin dövründə bu sahəyə böyük diqqət ayrılırdı. İlham Əliyev də bu sahədə böyük işlər görür, həm televizya işçilərinin mənzil təminatı, həm serialların çəkilişinə dövlət tərəfindən ayrılan vəsaiti qeyd etmək istəyirəm. Bu sahədə gələcəkdə bir sıra işlər görüləcək".