Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEO
Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur.
AFN "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib.
Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur.
Təmir-bərpa işləri ilə bina heç bir dəyişiklik aparılmadan əvvəlki görünüşünə qaytarılacaq.
Evdə aparılan təmir işlərinin 2020-ci ilin birinci rübündə yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub. Belə ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb və ona yaşamaq üçün yalnız bir mülk seçmək imkanı verilib. O isə məhz Mərdəkandakı bağ evini seçib. Uzun illər burada yaşayan milyonçu 1924-cü il sentyabrın 1-də elə bu evdə də vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra həmin ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.