İslahatda humanizm - Yorulmuş atları güllələmirlər
Azər SARIYEV
Qəti qənaət hasil oldu ki, məmləkətin ən anormal məxluqatı qələm əhlidir. Ölkədə nə qədər istedadsız, şərəfsiz və savadsız fərasət sahibi var, onların böyük əksəriyyəti mediaya, az qismi ədəbiyyata dürtülüblər. Bütün bu bəlalar ictimai-siyasi, humanitar sahəyə yön verənlərin səriştəsizliyi nəticəsində olub.
Feyzbuk statuslarımın birində yazmışdım ki, Azərbaycan mətbuatından üç nəfərin - Həsən bəy Zərdabinin, Nəcəf Nəcəfovun və Mehman Əliyevin nikbinliyinə həsəd aparıram. İddiamı hələ də doğru sayıram. Əcəba, hörmətli Mehman Əliyev nə görür, bu məmləkət mediasının təkamüllə düzələcəyinə ümid edir?
Gün ərzində nə qədər malbaş namizəd və onun danaboyun vəkilləri sizi səhifə bəyənməyə dəvət edir, küçədə görəndə, “like” etmədiyimizə görə qınayırlar. Əksəriyyəti də media və ədəbiyyat adamı.
Ölkəni bu günə qoyan oldu. Media ya “Bakinskaya nastiya” deyilən meşşanların, ya da mədəniyyətə erotika, şou-biznesə porno, siyasətə və ictimai həyata mədəni tövlə kimi baxan, elmə mal nobatı kimi yanaşan kəndlilərin meydanına çevrildi. Hələ də elədir.
Media sahəsində ümidverici dəyişiklik baş verir. Ədəbi prosesdə isə könüllülərə və əzabkeşlərə hələ də ehtiyac duyulur. Ona görə də islahatların davamına ciddi ehtiyac var. İslahatçılar isə çox humanist görünür. Yuxarılar humanizm nümayiş etdirərək işəyaramaz “yorulmuş atları güllələmək” istəmir, “atlar” da ki, tumarı görüb hələ də yük çəkə biləcəklərini güman edir.