“İnanmasaydım bu prosesin mərkəzində olmazdım” – Rauf Arifoğlu ilə MÜSAHİBƏ




2020-ci il parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi yeni başlayanda statuslarından birinin altında həmkarım Günel Musa “Rauf bəy, deputat kimi ilk müsahibənizi mənə verəcəksiz” deyə yazmışdı. O da söz vermişdi. Geri qalmamaq üçün “O zaman deputatlıqdan əvvəl sonuncu müsahibənizi də mən istəyirəm” yazdım. “Həbibə xanım, 7 fevralda görüşək” deyə cavabladı. Bu müddət ərzində o qədər möhtəşəm bir təbliğat-təşviqat kampaniyası apardı ki, bütün suallara cavab oldu. Lakin sözümüz söz idi. Bu gün görüşdük və rəhbəri olduğu “Yeni Müsavat” Media Qrupuna müsahibəsindən sonra son olaraq AFN-in suallarını cavabladı. 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovla müsahibəni təqdim edirik:



- Təbii ki, ilk sualımız təbliğat-təşviqat kampaniyanızın gedişatı ilə bağlıdır. Necə keçdi kampaniya?

- Tarixi bir kampaniya oldu. Bu dairəyə “Yeni Müsavat” qəzeti olaraq gəldik və bu dairədən, demək olar ki, 70 faizlik nəticə ilə dövrü başa vururuq. Bizim keçirdiyimiz sorğularda bu nəticəni əldə etmişik. Müdhiş bir iş gördük, müdhiş bir kampaniya apardıq, Azərbaycanın seçki tarixində qalacaq, nümunə olacaq, dərsliklərə düşəcək bir kampaniya apardıq. Demək olar ki, bütün ərazini – binaları, evləri, avtobus, bazar, məscid, hər yeri əhatə etmişik, seçicilərin olduğu bütün nöqtələrdə onunla təmasda olmuşuq.



- Belə yüksək səviyyəli bir kampaniyaya necə nail oldunuz?

- Təcrübə, əzm, inadkarlıq və peşəkar bir komanda ilə.

- 2020-ci il seçkisində 35-ci dairədə Azərbaycanın seçki tarixində bəlkə də yaşanmayan hallar yaşandı. Rəqiblərinizdən sizə qarşı aşağı sort ölkələrdə əl atılan çirkin texnologiyalara əl atıldı. Narahat olmadınız ki?

- Bizi narahat etdi. Əvvəla, ona görə ki, gözlənilməz idi ki, dəyərlərdən, yüksək materiyadan və demokratiyadan danışan, Azərbaycana yeni dəyərlər gətirdiyini iddia edən bir adam siyasi fırıldaqla məşğul oldu, mənə qarşı klon namizəd təşkil etdi. Bu, Hindistan variantıdır. Adətən Hindistanda və üçüncü dünya ölkələrində belə addım atılır. Bu, tək mənə qarşı deyildi, həm də Azərbaycanda dəyişiklik prosesinə qarşı idi. O prosesə qarşı bir sabotaj idi. 125 dairənin içərisində yeganə bizim dairədə baş verdi, bunu da mənim əsas rəqibim həyata keçirdi. Hesab edirəm ki, o, buna görə utanmalıdır, siyasətdən getməlidir. Çünki o sübut etdi ki, çox bəsit bir fırıldaqçıdır və seçkini uda bilməyəcəyini öncədən düşünərək seçicini çaşdırmağa yönəlik bir addım atıb, seçki cinayəti törədib, bütün mənəvi və siyasi dəyərləri ayaqlayan bir hərətək edib. Mən buna görə onu qınayıram, məhz buna görə də mən onu dəftərimdən silmişəm. Belə yalançı, fırıldaqçı, maxinator mənə dost ola bilməz və olmayacaq. Bitdi!

- Belə başa düşmək olarmı ki, bu cür çirkin variantlara əl atmasaydı İqbal Ağazadə ilə dostluğunuz davam edəcəkdi?

- Əlbəttə ki. Bizim onunla anlaşmamız olmuşdu ki, təmiz, normal, şəffaf seçki kampaniyası aparaq, kim güclü olsa o udsun və biz bir-birimizə qarşı qara piar aparmayaq, uduzan udanın əlini sıxsın. Mən bu şərtlərə razı idim. Amma o mənlə şərt kəsə-kəsə dərhal getdi Qusardan bir tüfeyli həyat sürən adam tapdı, ona rüşvət verdi, bunu mən iddia edirəm, onun üçün saxta imzalar yığdı və gətirdi bu dairədə mənə rəqib etdi. Bununla da artıq bütün qırmızı xətti keçmiş oldu. Ondan sonra isə mənə qarşı təxribatları kəsmədi: görüşlərimə öyrədilmiş qadınlar göndərdi, mənə qara piar təşkil etdi.

- Necə çıxdınız bütün bunların qarşısına?

- Dürüstlüyümlə. Təmizliyimlə, şəffaflığımla, hər şeyi yerində deməklə. Mən ona qarşı belə bir şeylər etmədim. Baxmayaraq ki, mənim komandamda 30 jurnalist var, birini də onun tədbirinə göndərmədim ki, gedin məsələn ona belə bir sual verin: siz filan vaxtı o hərəkəti niyə etmişdin? O filan vaxtı da 2003-cü ilə aiddir. Mənim əlimdə vasitələr ola-ola ona qarşı çirkli proseslərdən istifadə etmədim, ancaq seçkiyə odaqlandım, ancaq seçici ilə işlədim. Mən onunla işləmədim, ancaq zaman-zaman müdafiə olunmaq zərurəti yarandı.



- Rauf bəy, deputatlıq son hədəfinizdirmi?

- Son hədəf deməzdim. Bir ölkənin parlamentində təmsil olunmaq hədəf deyil, böyük bir şərəfdir. Üstəlik də mən Azərbaycan prezidenti tərəfindən başladılan böyük bir dəyişim prosesinin parçası olaraq bura gəldim, inandım o prosesə. İnanmasaydım gəlməzdim, bu prosesin mərkəzində olmazdım, bu qədər şövqlə çalışmazdım. Nəticəyə inandığım üçün özümlə bərabər 150 nəfərə qədər insanı belə çalışdırdım. Ölkədə hökumət dəyişdi, siyasi hakimiyyətdə böyük reformalar oldu, o cümlədən də qanunverici hakimiyyətin dəyişilməsi istiqamətində prezident iradəsini göstərdi. Biz də bu dəyişikliyin mərkəz nöqtəsi olan parlament dəyişikliklərində iştirak etmək üçün namizədliyimizi verdik. Hədəfim reformalarda yaxından iştirak etməkdir və açıq deyim, o dəyişiklik prosesinə töhvə verməkdir.

- Sorğularda 70 faizlik nəticə qazandığınızı, qələbənizə inandığınızı deyirsiz. İctimai rəy də buna hazırdır. Media cameəsi də kampaniyanızda sizə ciddi dəstək oldu. Parlamentdə olacağınız təqdirdə media üçün hansı fəaliyyəti göstərəcəksiniz?

- Azərbaycan mediasının, istər yazılı, istər onlayn olsun, yenilənməyə ehtiyacı var. Bununla bağlı düşüncələrim, fikirlərim var, indidən açıqlayıb bəzi adamları qorxuzmaq və əleyhimə yönəltmək istəmirəm. Amma mətbuatla bağlı ciddi düşüncələrim var. Azərbaycanda medianın səviyyəsini və vəziyyətini daha da yüksəltmək lazımdır.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu