Natiq Cəfərli PA-da keçirilən görüş haqda: “Bu ilin sonunda yeni bir referendum keçirilə bilər”




Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov ayrı-ayrılıqda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüblər.



Bundan başqa Müsavat Partiyasının başqanı Arif Hacılı da Ə.Vəliyev tərəfindən Prezident Administrasiyasına dəvət alıb.

Bu cür dialoqların aparılması ölkənin siyasi vəziyyətinə nə kimi təsir göstərəcək?

Məsələ ilə bağlı Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli Modern.az-a danışıb: "Bəli dünən İlqar Məmmədov Prezident Administrasiyasına dəvət almışdı. Dəvətlə bağlı xəbəri isə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin adından köməkçisi zəng vurub bildirdi. Ancaq İlqar Məmmədov gedəcəyi ilə bağlı konkret razılığını bildirmədi, söyləyib ki, idarə heyəti ilə müzakirə aparmalıyam. Biz də müzakirədən sonra belə bir görüşün normal sayıldığını, ümumumiyyətlə siyasi proseslərin sağlamlaşmasına ehtiyac olduğunu söylədik. Yeganə təklifimiz o oldu ki, Prezident Administrasiyasında yox, daha neytral bir yerdə görüş keçirilsin. Görüş Respublika sarayında baş tutdu”.

Natiq Cəfərlinin sözlərinə görə Azərbaycanda son seçkilərdə problemlər yaşanmasaydı, müxalifət təmsilçiləri parlamentdə təmsil olunsaydı, dialoq parlamentdə gedərdi: "Düşünürəm ki, bu daha doğru olardı. Amma çox təəssüf ki, parlament seçkilərində çox ciddi problemlərlə üzləşdik. Biz dialoq ortamının yaranması üçün, ölkədə yaranmış olan gərginliyin normal reyslər üzərində aparılması ilə bağlı Prezident Administrasiyasının addımlarını görürük. Əslində bu cür addımlar normaldır, iqtidarla müxalifət düşmən deyillər. Çox təəssüf ki, sosial şəbəkələrdə bununla bağlı neqativ fikirlər səsləndirilir. Mən bütün bunları doğru hesab etmirəm. Bu danışıqların başlanması, təmasların qurulması gələcəkdə Azərbaycanda siyasətin önünü açan, onu mədəni bir müstəviyə otuzduran biri hadisə olacaq. Bu baş verərsə, ölkədə siyasi müstəvinin təmamilə dəyişməsinin şahidi olacayıq. Hesab edirəm ki, bu da çox yaxşı bir göstəricidir”.

Natiq Cəfərli İlqar Məmmədovun görüşünün təfərrüatlarından da danışıb: "Bu görüş ilk görüşlərdən biri idi. Ölkədəki vəziyyətlə bağlı, siyasi oyunçuların ümumi durumu ilə bağlı fikir mübadiləsi aparılıb. Mən düşünürəm ki, bundan sonra bu cür görüşlər davam etdiriləcək. Dağlıq Qarabağ məsələsində işğalçı dövlətə qarşı vahid bir mövqeyin formalaşdırılması ilə bağlı Azərbaycanda iqtidar və müxalifətin mövqeyi eynidir. Problem ondan ibarətdir ki, Azərbaycanda siyasət hələ də institutlaşmayıb. Azərbaycandan güzəştlər tələb olunur və siyasi institutların zəif olması ölkə tərəfindən edilməsinə çağırışlar olur. Burda müxalifətin rolu çox güclü ola bilər. Ümid edirəm ki, bu dialoqların nəticəsi yaxın gələcəkdə həm siyasi partiyalar haqqında qanunun dəyişdirilməsini görəcəyik, həm də sivil toplumla bağlı qanunun dəyişməsinin şahidi olacağıq. Bütün bunlar çox vacib bir elementlərdən biridir. Vətəndaş cəmiyyəti güclü olarsa, müxalifətin də deməyə sözü, qarşısına qoyacağı arqumentləri olacaq. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan rəhbərliyinə təkbaşına təzyiq etmək mümkünsüz olacaq.

ReAl təmsilçisi onu da vurğulayıb ki, iqtidar da gərək əməli addımlar atsın.

"Hətta düşünürəm ki, gələcəkdə konstitusiyanın dəyişdirilməsi, ümumi dialoqun predmeti ola bilər. Konstitusiyanın daha da sivilləşdirilməsi, demokratikləşdirlməsi yollarında addımlar da atıla bilər. Ola bilər ki, biz bu ilin sonu yeni bir referendumla qarşılaşaq. Əslində bizim partiya şəffaf bir partiyadır. Görüşdən hardasa 15 dəqiqə sonra İlqar müəllim məlumat verdi. Biz Azərbaycanda normal siyasi dialoqun tərəfdarıyıq”- deyə Natiq Cəfərli bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu