Yeni qərar: Məktəblərdə tətillər ləğv edilirmi? (ŞƏRH)
"Orta məktəblərdə tətili müəyyən etmək səlahiyyəti Nazirlər Kabinetinə verilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Baş nazir Əli Əsədovun "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliklə bağlı qərarını şərh edərkən deyib. O, qeyd edib ki, həmin qərara əsasən tədris ilinin müddətində və tətil günlərində hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb:
"15 sentyabr 2020-ci ildən bu 3 bənd nizamnamədə olmayacaq. Bəndlərə edilən dəyişikliklər o demək deyil ki, tətillər ləğv edilir. Bu o deməkdir ki, tətili müəyyən etmək səlahiyyəti Nazirlər Kabinetinə həvalə olunur. Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) tədris ilinin müddətində və tətil günlərində dəyişiklik etmək səlahiyyəti respublikanın bütün ərazisində - Nazirlər Kabinetinə verilib. Bu qərara əsasən tədris ilinin müddətində və tətil günlərində hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Amma Nazirlər Kabineti Nümunəvi nizamnamənin 4.10-4.12-ci bəndlərini ləğv etməsi, 4.9-cu bəndi isə yeni redaksiyada verməsi o deməkdir ki, təhsil müddətinin və ya tətilin konkret hallarda dəyişilməsinə dair qərarlar ayrı-ayrı sərəncamlarla verilə bilər. Yəni indiyə qədər mövcud olan tətil günlərinin vaxtı və sayı dəyişdirilə bilər”.
Kamran Əsədov qeyd edib ki, hazırda quvvədə olan "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 4.9-cu bənd bu şəkildədir:
4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
Lakin 15 sentyabr 2020-ci ildən 4.9 bənd belə olacaq:
4.9. Ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Hazırda quvvədə olan "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 4.10., 4.11., və 4.12.- ci bəndlər bu şəkildədir:
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
4.10.1. 5 gün payız tətili (16-20 noyabr);
4.10.2. 5 gün qış tətili (27-31 yanvar).
4.11. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
4.11-1. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
4.11-2. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür:
4.11-2.1. I yarım il: 1 oktyabr - 26 yanvar; 4.11-2.2. II yarım il: 1 fevral - 31 may.
4.11-3. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 4.11-3.1. 5 gün payız tətili (16-20 noyabr);
4.11-3.2. 5 gün qış tətili (27-31 yanvar); 4.11-3.3. 5 gün əlavə tətil (1-5 may).
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.