Ölkəyə yeni London taksiləri gətirilə bilər
Bakıda London taksilərinin sayının artırılması nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, bununla bağlı işlər aparılır:
"Taksi parkının yenilənməsi müasir ölkəmizdə nəqliyyat sektorunun və Azərbaycan cəmiyyətinin prioritetlərindəndir. Bununla bağlı işlər aparılır".
Əlavə olunub ki, vətəndaşlar “1000” nömrəli Çağrı Mərkəzi və ya “Baku Taxi” mobil tətbiqi vasitəsilə xidmətdən istifadə edə bilərlər: "Taksilərdə gediş haqqı taksometr və ya mobil tətbiq vasitəsilə vətəndaşa təqdim olunur".
Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksilərindən hal-hazırda 50-si istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və “Azpetrol” yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Yeni taksilər smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.