Belçikada insanlıq adına utanc: Miqrant qadın doğum üçün xəstəxanaya qəbul edilmədi


Belçikanın paytaxtı Brüsseldəki xəstəxana doğuş zamanı gətirilən qadını qəbul etməyib və geri göndərib.


AFN.az xəbər verir ki, Belçika mətbuatının yazdığına görə, 23 yaşlı mavritaniyalı miqrant qadın doğum etmək ərəfəsində UZ Jette xəstəxanasına aparılıb. Oradakı təcili tibbi xidmət işçisi qadının tibbi sığortası və sığınacaq qeydiyyatı olmadığı üçün ondan 2000 avro ödəməsini tələb edib. Pulu ödəyə bilməyən qadın xəstəxanadan göndərilib.

Daha sonra başqa xəstəxanaya aparılan mavritaniyalı miqrant qadın övladını burada dünyaya gətirib. UZ Jette xəstəxanasının rəsmisi məsələ ilə bağlı açıqlamasında bunun "çox müstəsna bir hal" olduğunu bildirib. Belçika mətbuatına açıqlama verən səlahiyyətli, "Prinsipcə, vəziyyətindən asılı olmayaraq müraciət edən hər kəsə sağlamlıq xidməti göstəririk. Son hadisəni çox ciddi qəbul edirik. Bunu edən məmur cəzalandırılıb" - deyə açıqlama verib.

Xəstəxanadan verilən açıqlamada miqrant qadını xəstəxanaya qəbul etməyən məmurun işdən çıxarıldığı bildirilib.

Xəbərin daha dəhşətli hissəsi isə mavritaniyalı qadının öz ölkəsindən qaçma səbəbidir. Belə ki, məlumatlarda onun digər qızının sünnət edilməməsi üçün ölkəsindən qaçdığı bildirilib.

Qeyd edək ki, Belçikada bir ildən çoxdur ki, sığınacaq axtaranlar üçün sığınacaq və səhiyyə xidmətlərinin olmaması ilə bağlı böhran yaşanır. Belçikanın Miqrantları Qəbul Agentliyi gözləmə siyahısında 2700 nəfərin olduğunu, tutumunun dolduğu üçün qəbul prosesinin yavaş irəlilədiyini və sığınacaq axtaranlara xidmət edə bilməyəcəyini açıqlayıb. Agentliyin qəbul məntəqələrinə qəbul oluna bilməyən qaçqınların bəziləri küçələrdə, bəziləri isə sahibsiz binalarda yaşayır.

QHT-lər Brüssel məhkəmələrində dövlətə qarşı minlərlə iddiada qalib gəlir. Məhkəmə qərarlarına əməl edilmədiyi üçün vəkillər sığınacaq axtaranların işlərini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) aparırlar. AİHM öz növbəsində indiyədək 5 dəfə yüzlərlə sığınacaq axtaran şəxsə sığınacaq vermədiyi üçün Belçikaya qarşı ehtiyat tədbiri görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu