Çin ABŞ və müttəfiqlərini Qırmızı dənizdə gərginliyi artırmamağa çağırıb


Çinin xarici işlər naziri Vanq Yi ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hava hücumlarından sonra Qırmızı dənizdə gərginliyi artıracaq addımlar atmamaq barədə xəbərdarlıq edib.


Nazir Vanq Misirə səfəri zamanı həmkarı Samih Şükri ilə keçirdiyi ortaq mətbuat konfransında Qırmızı dənizdəki gərginliyi və Qəzza böhranını dəyərləndirib.

Çinin Yəməndə husilərin Qırmızı dənizdə üzən ticarət gəmilərinə qarşı artan hücumlarından narahat olduğunu dilə gətirən Vanq, bölgədəki gərginliyin İsrailin hücumları altında olan Qəzza böhranının "yayıcı təsirinin" olduğuna diqqət çəkib.

Vanq vurğulayıb ki, Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiya regionda gərginliyi və təhlükəsizlik risklərini artıracaq addımlardan çəkinməlidir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının heç bir ölkəyə Yəməndə güc tətbiq etməsinə icazə vermədiyini xatırladan Vanq, “Qırmızı dənizdəki su yollarının təhlükəsizliyi qanun çərçivəsində bütün tərəflər tərəfindən qorunmalı, suverenlik və Yəmən də daxil olmaqla sahilyanı ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir” - deyə bildirib.

Vanq bildirib ki, beynəlxalq ictimaiyyət təcili hərəkətə keçməli və Qəzzada atəşkəsin təmin edilməsi və mülki əhalinin qorunması üçün səylərə üstünlük verməlidir.

Fələstin probleminin həllinin Fələstin xalqına 76 ildir məhrum olduğu milli hüquqların qaytarılması ilə mümkün olduğunu vurğulayan Vanq, "Fələstin xalqı ən qısa zamanda ədalətə qovuşmalıdır. Buna nail olmağın yeganə yolu budur. Fələstin probleminin ədalətli həlli, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, tam suverenliyə malik Fələstindir" - deyə diplomat qeyd edib.

Vanq ölkəsinin Fələstin probleminin həlli üçün BMT-nin rəhbərlik etdiyi beynəlxalq sülh konfransına çağırışını təkrarlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu