Kanar adalarında turizm etirazı: Turistlərin gəlişini dayandırın


Minlərlə insan Kanar adaları üçün etiraz aksiyası keçirərək adaya turistlərin gəlişinin dayandırılmasını tələb edib.



Turizm modelinin adalardakı ekoloji təsirlərinə diqqət çəkən və ada sakinlərinin yaşayış xərclərini ödəyə bilmədiklərini bildirən etirazçılar “Otel tikintisini dayandırın” çağırışı edib.

İspaniyanın Kanar adalarında turizm modeli ekoloqlar tərəfindən etirazla qarşılanıb.

Etirazçılar hazırkı modelin ada sakinləri üçün yaşayış xərclərini əlçatmaz etdiyini deyir və bunun ekoloji cəhətdən dayanıqlı olmadığını iddia edirlər.

Ada sakinləri adaya gələn turistlərin dayandırılmasını tələb ediblər.

İspaniya mətbuatının məlumatına görə, dünən Tenerifedə keçirilən etiraz nümayişinə təxminən 57 min adam qatılıb.

“Burada insanlar yaşayır” və “Adamızın öldüyünü görmək istəmirik” yazılı plakatlar daşıyan fəallar qısamüddətli tətil icarələrini və otel tikintisini dayandırmağa çağırıblar.

“Bu, turistlər üçün deyil, bu torpağa fayda verməyən və dəyişdirilməsi lazım olan turizm modelinə qarşı bir mesajdır”, - etirazçılardan biri Reuters xəbər agentliyinə deyib.

Etirazları 20-yə yaxın ətraf mühit təşkilatı və sosial qruplar təşkil edib. Onlar turistlərin həddindən artıq artımının yerli insanlara və ətraf mühitə zərər vuran iqtisadi modeli davam etdirdiyini deyirlər.

Etirazçılar turizmin artmasının region əhalisi arasında yoxsulluğun və bərabərsizliyin xroniki hal almasına səbəb olduğunu qeyd ediblər. Kanar adalarının sakinləri turizm çox önəmli olduğunu, ancaq bölgə əhalisinin əksəriyyəti üçün təsirli olmasa, daha çox turistdən heç kimin faydalana bilməyəcəyini bildiriblər. Onlar Kanar adalarında sahillərin, çimərliklərin və təbii qorunan ərazilərin sürətli, nizamsız və pis tikilmiş otellərlə dolu olduğunu vurğulayıblar.

Nümayişçilər Kanar adalarında yeni turist yerləşdirmə mərkəzlərinin tikilməməsini, turistlər üçün qısamüddətli ev kirayəsinin tənzimlənməsini, əcnəbilərə evlərin satılmasının məhdudlaşdırılmasını, bölgənin təbii ərazilərinin qorunmasına üstünlük verilməsini və turistlərə ekoloji vergi tətbiq edilməsini tələb ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu