Vergi borcuna görə özünü asdığı deyilən şəxsin intiharının səbəbləri araşdırılır


Astara rayonunda vergi borclarına görə intihar etdiyi bildirilən Zaur Sovqatovun ölümü ilə bağlı cinayət işi başlanılıb. Onun yaxınları Z.Sovqatovun tanışı Rövşən Hüseynov tərəfindən aldadıldığı üçün intihar etdiyini bildiriblər.


Baş Prokurorluğun Mətbuat xidmətindən bu iddialarla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 15-də Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir”.

Qeyd edək ki, Zaur Sovqatov vergi borcu barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

O, Xəzər TV-yə açıqlamasında deyib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov beş şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu