Yəqin ki, prezident bu dörd məmurdan birini nəzərdə tutub - AÇIQLAMA




Prezident İlham Əliyevin dünənki müşavirədə media ilə bağlı çıxışı ən çox müzakirə olunan məqamdır.



AFN xatırladır ki, dövlət başçısı hökumət daxilində islahatlara əks olan qüvvələrin mövcudluğundan danışıb və qeyd edib ki, bəzən bu prosesdə media alət kimi istifadə edilir: “İslahatlara qarşı bu gün iqtidarda olan bəziləri də çıxış edirlər. Onların şəxsi maraqlarına bu islahatlar toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar, o cümlədən mətbuatda və mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir ki, hökumət üzvləri, bir hökumət üzvləri digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezident onlara tapşırıb, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik.



Prezident kimləri nəzərdə tutur? Məsələ ilə bağlı AFN-in suallarını cavablandıran “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, bu söhbətin müstəqil qəzetlərə aidiyyatı yoxdur: “Bu məsələni, prezidentin kimi nəzərdə tutduğunu Mətbuat Şurasından, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) mailiyyələşən, oliqarxiyanın əlində oyuncağa çevrilən qəzetlərdən soruşmaq lazımdır. Dünənki müşavirədə iştirak etməyən nazirlərə diqqət edə bilərsiniz. Güman ki, prezidentin hakimiyyət daxili qruplaşmaların bir-birinə qarşı ciddi mübarizəsindən və mediadan istifadə etmələrindən xəbəri var. Çıxışında kimi nəzərdə tutduğunu zamanla görəcəyik. Bəlkə Kəmaləddin Heydərovu deyir, bəlkə Rövnəq Abdullayevi? Fuad Ələsgərov da ola bilər. Bəlkə Əli Həsənovdu? Bunların hər birinin əlində kifayət qədər media qurumu var. Hamısı da bir-birinə qarşı mübarizədə istifadə edir. Hər halda, yəqin ki, prezident bu 4 məmurdan birini deyir. Məncə onların heç biri dünənki müşavirədə iştirak etmirdi”.



“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə AFN-ə bildirib ki, bu məsələ ilə bağlı sualların cavabını prezidentin mətbuat katibindən soruşmaq lazımdır: “Məndən niyə soruşursunuz? Siz bu çıxışa aid suallarınızı prezidentin mətbuat katibinə verin. Mətbuat katibindən soruşun ki, prezident kimləri və nələri nəzərdə tutur? Mənim üçün də maraqlıdır, nə cavab verəcək?”

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu