“e.customs.gov.az” portalındakı gömrük xidmətlərinin sayı artırılacaq


“e.customs.gov.az” portalındakı gömrük xidmətlərinin sayı artırılacaq.


Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov portalın, eləcə də "Smart customs" mobil tətbiqinin yeni versiyasının təqdimatında məlumat verib.

"Hazırda portal xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə 13 elektron xidmət təqdim edir. Yaxın gələcəkdə bu rəqəmin 30-a çatdırılması nəzərdə tutulur. Komitə “e.customs.gov.az” portalı ilə yanaşı, “Smart Customs” mobil tətbiqi və “Ticarət Statistikası Portalı” kimi elektron xidmət layihələri də reallaşdırıb. Məqsəd vətəndaşlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsidir.

Portalın istifadəsinin anlaşıqlı olması üçün elektron xidmətlər aidiyyəti üzrə bölünmüş şəkildə müvafiq menyulardan ibarət olmaqla əks olunur. “Rəy və təkliflər” bölməsində istifadəçilərin ünvanladıqları təkliflər nəzərə alınaraq e-xidmətlər davamlı yenilənir. Eyni zamanda, portalın interfeysi bütün yaş qrupları üzrə sadə, rahat və əlçatan layihələndirilib. Portalda istifadəyə verilmiş hər bir elektron xidmət üzrə yazılı və video təlimat daha çox istifadə olunan digər qurumların portallarına keçidlər yerləşdirilib", - deyə o, qeyd edib.

T.Xəlilovun sözlərinə görə, Portalda qeydiyyatdan keçmiş istifadəçilər üçün “Bildiriş” və “Elanlar” funksiyaları da əlavə olunub: "Bildiriş” funksiyası ilə istifadəçilər aparılan gömrük əməliyyatlarına dair məlumatları əldə edə bilirlər. Bu xidmət xüsusi ilə gömrük rəsmiləşdirilməsi zamanı idxalatçılar üçün çox vacibdir. Belə ki, gömrük bəyannaməsi təqdim edildikdən sonra bəyannamənin icra vəziyyətini “Bildiriş” xidməti vasitəsi ilə izləyə bilərlər".

"Portalda bəzi xidmətlərin İP həlləri təqdim olunur. Belə ki, artıq 8 bank və 100-dən çox poçt və kuryer şirkətləri bu həllərdən istifadə edir", - deyə o, əlavə edib.

T.Xəlilov onu da deyib ki, “e.customs.gov.az” portalında daha çox istifadə edilən elektron xidmətlərin mobil versiyaları “Smart Customs” mobil tətbiqi üzərindən təqdim olunur: "Hazırda istifadəyə verilmiş 13 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya olunub. “Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyası ictimaiyyətə təqdim olunub. Yeni versiyaya bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bilidirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsi ilə də izləyə biləcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu