Azərbaycanda yetişdirilən malın, qoyunun əti dünyada 30-40 dollar satıla bilər – Akif Nəsirli


Son günlər Azərbaycanda ətin qiymətinin bahalaşması fonunda ölkədə maldarlıq və qoyunçuluğun zəifləməsi, yerli ət istehsalının azalması məsələsi gündəmə gəlib. Bəzi rəylər var ki, işğaldan azad edilən və heyvandarlıq üçün əlverişli torpaqlarla bağlı ümidlər də özünü doğrultmayıb. Məsələn, deyilənə görə, Laçında mal ətinin kiloqramı 16, quzu əti isə 24 manata satılır.


Azərbaycanda heyvandarlıq niyə getdikcə geriləyir? Yerli ət istehsalının artması üçün nələrə ehtiyac var? AFN.az-ın suallarını iqtisadçı ekspert Akif Nəsirli cavablandırıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda mal ətinin də, qoyun ətinin də yarıdan çoxu xaricdən idxal edilir: “Bunun da səbəbi heyvandarlıqla məşğul olan əhalinin torpaqlarının, yem istehsalı üçün istifadə etdikləri sahələrin 2015-cu ildə əllərindən alınaraq yerində pambıq əkilməsidir. Fermaları boşaltdılar, yonca, qarğıdalı, digər yem bitkiləri becərilən sahələr boşaldıldı, yem bazası zəiflədi, otlaqlarda, bələdiyyələrdə, dövlət fondunda olan örüş sahələrində pambıq və taxıl əkildi. Heyvandarlıqla məşğul olan fermerlər isə ildən-ilə öz təsərrüfatlarını kiçiltməyə məcbur oldular. Bununla da dövriyyə azaldı. Yadınızdadırsa, 2016-2017-ci illərdə ət ucuzlaşırdı. Bunun səbəbi yuxarıda qeyd etdiyim idi: fermerlər öz heyvanlarını satışa çıxarırdılar və buna görə də bazarda bolluq yaranmışdı. Təklifin çoxalması tələbi üstələdi və qiymətlər bir qədər sabit qaldı. Nəticədə heyvanların sayı azaldı və bundan sonra ət bahalaşmağa başladı. Bahalığın kulminasiya nöqtəsi ötən il oldu. Ötən il yay mövsümündə ətə tələbatın ən aşağı olduğu dövrdə ətin qiyməti birdən-birə 1 manat bahalaşdı. Bunun da səbəbi heyvan qıtlığının özünü göstərməsi idi”.
İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafına olan ümidlərə gəlincə, həmsöhbətimiz bildirdi ki, bu ümidlər hələ də var: “O ərazilərdə hələ məskunlaşma minimum səviyyədədir, mina təhlükəsi aktualdır. Bu gün hökumət işğaldan azad olunmuş ərazilərin yalnız 10-15 faizini minalardan təmizləyib. Həmin ərazilərdə heyvandarlığı inkişaf etdirmək üçün tamamilə təmizlənmə işləri aparılmalıdır. Çünki Kəlbəcərin, Laçının geniş otlaq sahələri var, hansı ki, ora əkin üçün yararlı deyil, heç ağac da əkmək mümkün deyil. Hansı ki, oralarda yalnız birillik bitkilər, otlar, kollar bitir. Həmin ərazilərə heyvanların köçürülməsi, bəslənməsi üçün minalar tamam təmizlənməli, təhlükə tam aradan qalxmalıdır. Bizim fermerlərimiz, heyvandarlıqla məşğul olan əhalimiz o yaylaqlara sərbəst gedə bilməlidirlər, heyvanların o yaylaqlara aparmalıdırlar. Sovet hökumətinin vaxtında Kəlbəcər yaylaqlarında milyonla qoyun, yüz minlərlə mal bəslənib yay aylarında. Demək istədiyim odur ki, biz hələlik o torpaqlardan tam gücü ilə istifadə edə bilmirik. Düzdür, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl kimi rayonlarda aqroparklar əsasən yoxlanmış ərazilərdə əkin-biçin işləri ilə məşğul olurlar. Əhalinin məskunlaşdığı yerlərdən daha çox əkin sahələrini minalardan təmizləyiblər. Əkin sahələrinin minalanması ehtimalı da çox azdır əslində, çünki ermənilər yaşadıqları dövrdə o əraziləri əkib-biçiblər, sözsüz ki, ora mina basdırmazlar. Mənim fikrimcə, illər ötdükcə, o torpaqlardan istifadə imkanlarımız artacaq. Heyvandarlıqla məşğul olmalı olan əhali ora köç etməlidir, sərbəst gedib-gəlməlidir. Keçmişdə istənilən heyvandarlıq briqadaları yaylaqlara köçürdülər. Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün bir tərəfdən Aran zonasında torpaqlar qaytarılmalıdır o təyinatına – qışlaq roluna. Bu olsa, həmin ərazilər işğaldan azad olunmuş ərazilərdən daha tez bəhrə verə bilər. Biz bu gün pambıqdan uzaqbaşı 200-250 milyon vəsait gətiririk ölkəyə. Amma biz təkcə ət idxalına ondan azı iki-üç dəfə çox vəsait xərcləyirik. Heyvandarlığı pambıqçılığa qurban verməklə əslində biz uduzuruq. Örüşlər, fermaaltı sahələr, yem istehsalı üçün olan torpaqlar öz təyinatı üzrə istifadə edilməlidir. Hökumət pambıqçılığın strateji sahə elan edilməsini aradan qaldırılmalıdır. Ölkənin daxilində vacib ərzaq məhsulları strateji məhsul elan edilməlidir. Bununla da biz həm xaricdən asılılığımızı azalda bilərik, həm də ölkədən valyuta axınının qarşısını ala bilərik. Bu gün kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına 3-3,5 milyard dollar pul xərcləyirik. Bu vəsaiti biz yarıbayarı, bəlkə də 60-70 faiz azalda bilərik kənd təsərrüfatını inkişaf etdirməklə. Taxılçılıqdı, heyvandarlıqdır, bostan-tərəvəz bitkilərinin istehsalıdır, bu sahələri genişləndirməklə biz idxalı azalda bilərik. Ölkənin ətə olan tələbatının 80-90 faizini təmin etməyə imkanımız var. Azərbaycan sovet hökuməti vaxtı ildə 36 min ton çay istehsal edirdi, indi bu rəqəm 2-3 min tona düşüb. Öz tələbatımız isə 10-11 min tondur. Bunu inkişaf etdirmək lazımdır ki, milyardlar ölkəmizdən axmasın, üstəlik, ixracdan da gəlir götürək. Məsələn, Azərbaycanda mal və qoyun əti bəslənib brend olaraq xaricə çıxarsaq, dünyada bəlkə də 30-40 dollara satılar. Amma biz nəinki bunu edə bilmirik, heç öz daxili tələbatımızı da tam ödəyə bilmirik”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu