“Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır” - Paşinyan


“Azərbaycan Ermənistanı Bakı ilə sülh müqaviləsi bağlamaq üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham etməkdə davam edir. Belə cəhdlər əbəs və əsassızdır”.


Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Laçın-Şuşa-Xankəndi yolunda yaranmış vəziyyəti müzakirə edərkən belə deyib. Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu və öz təkliflərini Bakıya çatdırdığını bildirib. “Deməliyəm ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib və biz belə məzmunlu saziş imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”-deyə Paşinyan əlavə edib.
Bundan başqa, Paşinyan bildirib ki, Ermənistan tərəfi sərhədin delimitasiyası və təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın gələcək işi ilə bağlı Azərbaycana öz təkliflərini göndərib:“Ermənistan regionda kommunikasiyaların bağlanması ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və problemin dərhal həlli üçün bu yolla getməyə hazırdır. Bir ay əvvəl Ermənistan sərhədin təhlükəsizliyini təmin etmək üçün Azərbaycana öz təkliflərini göndərsə də, hələ ki, cavab almamışıq”.
Paşinyan Azərbaycanın guya Ermənistan ərazilərini işğal etdiyinə dair cəfəng iddia irəli sürüb. O, bildirib ki, sərhədlərin təhlükəsiliyi Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxmasından asılıdır.
O, bütün çətinliklərə baxmayaraq, hərtərəfli həll yollarına nail olmaq, sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirdiklərini söyləyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu