Azərbaycan beynəlxalq təşkilatları COVID-19 ilə mübarizəyə səfərbər edir




Pandemiya dövründə dünyada gözlənildiyinin əksinə olaraq qlobal həmrəylik cəhdləri yüksək səviyyədə olmadı. Daha çox fəallıq göstərən ölkələr prosesdən siyasi maraq güdən və nüfuz dairəsi yaratmaq istəyən dövlətlər oldu ki, onların bu addımı tənqidlə qarşılandı. Yalnız az saylı dövlətlər oldu ki, dünya birliyini müsbət mənada səfərbərlik və həmrəylik yaratmağa çalışdı. Belə ölkələrdən biri də Azərbaycan oldu.

AFN xəbər verir ki, məhz Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə bir neçə beynəlxalq tədbir keçirilib.

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Mayın 4-də isə yenə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “Biz COVID-19-a qarşı birlikdəyik” mövzulu Zirvə görüşü (videokonfransı) keçirilib.

Bundan başqa Azərbaycan qlobal miqyasda pandemiya ilə mübarizəyə ciddi töhfələr verib. Azərbaycan Ümumdünya Səhiyyə təşkilatına, fərdi qaydada 14, ÜST xətti ilə 15 olmaqla 29 ölkəyə humanitar yardım göstərib.

Azərbaycan özü çətin vəziyyətdə olmasına rəğmən yardıma ehtiyacı olan dövlətlərə dəstək olmağa çalışıb, eyni zamanda beynəlxalq qurumların koronavirus məsələsində səfərbərlik, ortaq mövqedən çıxış etməsi üçün təşəbbüs göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkil olunan videokonfransda BMT, ÜST və digər qurumların rəhbərləri iştirak edib.

Ölkəmiz pandemiya şəraitində olmasına baxmayaraq, məhdud imkanlarla aktiv xarici siyasətimiz davam edir. Məhz bu səbəbdəndir ki, BMT, ÜST və digər beynəlxalq təşkilatlar göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib:

“Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. Cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”.

Bu faktlar onu göstərir ki, Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir.

Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış edib. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu