Menendes rüşvət qalmaqalına görə Senatdakı vəzifəsindən istefa verib


Rüşvət almaqda ittiham olunan amerikalı senator Bob Menendes ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.


ABŞ mətbuatında yer alan xəbərlərə görə, senator Çak Şumer açıqlamasında “Senator Menendes haqlı olaraq problem həll olunana qədər Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa vermək qərarına gəlib” - deyə bildirib.

Menendesin “sədaqətli dövlət məmuru” olduğunu deyən Şumer, onun ədalətli mühakimə hüququna malik olduğunu qeyd edib.

Nyu Yorkun Cənub Bölgəsi Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Menendes və həyat yoldaşı Nadine Arslanian Nyu Cersili iş adamları ilə münasibətlərində rüşvətxorluqda günahlandırılıblar.

Federal prokurorlar, bir ildən çox davam edən istintaq çərçivəsində Menendesin evində aparılan axtarışlar zamanı 100 min dollar dəyərində iki qızıl külçə və 480 min dollarlıq gizli nağd pul ələ keçirdiklərini açıqlayıblar.

İttihamnamədə həmçinin qeyd olunub ki, Menendes senator vəzifəsindən istifadə edərək, qızıl və nağd puldan əlavə, qeyri-qanuni ev ipotekası ödənişləri, qeyri-qanuni iş təzminatı və lüks avtomobil əldə etmək kimi korrupsiya fəaliyyətlərində iştirak edib.

İddianamə ilə Nyu Cersinin Demokrat senatoru Menendes 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib.

69 yaşlı senator ABŞ tarixində iki ayrı cinayətdə ittiham olunan ilk senator kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu