NATO-da Ukrayna Müdafiə Təmas Qrupu toplanıb


ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupu NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində 16-cı dəfə görüşüb. Ukrayna prezidenti Vladimir Zelenski də ilk dəfə iclasda iştirak edib.


İclasın açılışında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun təcili hava hücumundan müdafiə və sursat ehtiyaclarını qarşılamaq üçün çalışdıqlarını bildirib.

Ostin ABŞ-ın son dəstək paketini açıqlayaraq bunun 200 milyon dollarlıq hərbi ləvazimat paketini ehtiva etdiyini, son paketlə isə ABŞ-ın ümumi yardımının 43,9 milyard dollara çatdığını bildirib.

Ostinin açıqladığı paketə ABŞ-ın yaxın vaxtlarda Ukraynaya verəcəyi AIM-9 hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, artilleriya və raket sursatları, dəqiq raket sistemlərinin sursatları, tank silahları və Rusiyanın pilotsuz uçuş aparatlarını vura biləcək materiallar daxildir.

Zelenski çıxışında təqribən 600 gündür Rusiyaya qarşı ölkələrini müdafiə etdiklərini və bu qış enerji xətlərinə mümkün hücumların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduqlarını bildirib.

Ölkəsinə dəstəyin fasiləsiz davam etməsinin vacib olduğunu vurğulayan Zelenski, xüsusilə uzun mənzilli hava hücumundan müdafiənin bu müharibənin Ukraynanın xeyrinə bitməsini təmin edəcək ən mühüm amillərdən biri olduğunu deyib.

Zelenski uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin Qara dəniz və Dunay bölgələri üçün də əhəmiyyətli olduğunu və bu sistemlərin Rusiya döyüş təyyarələrinin Ukrayna sərhədlərinə gəlməsinin qarşısını alacağını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu