Subsidiyalara dəyişiklik neqativ halları aradan qaldıracaqmı? - MÜZAKİRƏ


“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na edilən dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib. Bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər. Daha bir dəyişikliyə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək. Qaydalara edilən daha bir dəyişikliyə görə, Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinq və qiymətləndirmə funksiyası genişləndirilib. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən çarpaz, yerüstü müşahidə və yerində müşahidə ardıcıllığı ilə monitorinqlər aparılacaq.




Ümumiyyətlə, bu dəyişikliklər fermerlər üçün hansı mövcud problemləri aradan qaldıracaq və hansı imkanlar yaradacaq?
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev AFN-ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, bu sahədə elktronlaşdırma çox yaxşı haldır: “Müəyyən neqativ hallar aradan qalxır, sahibkar özü bilir ki, onun nə qədər vəsaiti var. İstədiyi vaxt həmin vəsaiti götürüb istifadə edə bilir. Digər halda müəyyən neqativ hallara yol verilirdi. Bu həm mütərəqqi yoldur, həm də müəyyən dərəcədə vaxt itkisinin qarşısının aradan qaldırılmasıdır, digər tərəfdən, hesabatların düzgün aparılmasıdır. Bu baxımdan çox əhəmiyyətlidir”. Millət vəkilinin sözlərinə görə, bu gün ölkə ümumilikdə o yola gedir: “Hər şey elə planlaşdırılır ki, əmək haqqı, subsidiyalar, kreditlər elektronlaşdırıldıqda bunun səmərəsi artsın. Eyni zamanda bu həm insanların rahatlığı üçün lazımdır, həm də şəffaflığın təmini üçün vacibdir. Ona görə də bu dəyişikliyin tətbiqini müsbət hal kimi dəyərləndirirəm. Düzdür, problemsiz ötüşmək olmaz, harada ki, iş var, orada problemlər olmalıdır. Ancaq yeni qaydanın tətbiqi mövcud problemlərin aradan qaldırılmasında çox böyük təminat, imkandır. İnanıram ki, bir çox nöqsanların da aradan qaldırılmasına kömək edəcək”.



Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirdi ki, əvvəlki qaydada da, indi də istehsal vasitələrinin dövlət hesabına idxal edilməsi və ölkəyə gətirilərək fermerlərə məcburi qaydada satışı həyata keçirilir: “Bu, kəndliləri seçim imkanından məhrum edir. Onlara imkan yaratmır ki, daha keyfiyyətli istehsal vasitələri əldə etsinlər. Ölkəyə gətirilən gübrələrin, pestisitlərin keyfiyyəti aşağıdır. Fermerlər daha çox istifadə etməli, daha çox xərc çəkməli olurlar və nəticə əldə edə bilmirlər. Bu yolla dövlət məmurlarına yaxın olan adamlar, həmin istehsal vasitələrinin ölkəyə gətirilməsini həyata keçirən inhisarçılar dövlətin bu proqramından bəhrələnir, fermerlər, kəndlilər isə əziyyət çəkir. Burada marağı olan tərəflər var. Ancaq bu, ümumi işin ziyanıınadır. Ona görə də fermer üçün nəzərdə tutulan subsidiya tam şəkildə verilməlidir. Fermer özü daha keyfiyyətli istehsal vasitələrinin axtarışında olmalıdır. Bunun üçün də imkan yaradılmalıdır ki, müstəqil olan sahibkarlar gedib ölkəyə istehsal vasitələri, pestisidlər, gübrələr gətirsinlər və onun ölkədə satışını həyata keçirsinlər. Əgər bir neçə sahibkar ölkəyə gübrə gətirərsə bu,0 fermerlər üçün yaxşı imkan yaradır ki, onlar daha keyfiyyətli məhsulu və onlara sərf edən qiymətə aldə edə bilsinlər. Belə olan halda fermerlərin marağı da olacaq və istehsal etdikləri məhsulun keyfiyyəti yaxşılaşacaq, məhsuldarlıq artacaq, ümumi işə müsbət təsir edəcək. İndiki halda subsidiyaların bu formada verilməsi inhisarçılar üçün qazanc mənbəyidir. Hökumət bu formada subsidiya verilməsinin qarşısını almalıdır, fermerə nağd şəkildə verməlidirlər ki, onlar istədikləri həcmdə, istədikləri qiymətə istehsal vasitələri əldə etməlidirlər”. Ekspertin sözlərinə görə, KTN planlaşdırdıqları işi yüksək səviyyədə təqdim etməyə çalışır, orada bu işi dərindən bilən, peşəkar yoxdur: “Bu iş hələ nəzərdə tutulanda yarana biləcək qüsurlar nəzərə alınmalıydı. Ancaq “yaxşı olacaq” deyirlər. Nə vaxt yaxşı olacaq? 2007-ci ildən subsidiya verilir və ondan bəri qeyri-səmərəli biznes dövlət tərəfindən stimullaşdırılır. Niyə məhsuldarlıq artmır, niyə hələ də buğda idxalından asılı vəziyyətdəyik? Ötən il buğda istehsalı 311 min ton azalıb. Bu ölkənin iki aylıq buğda təminatı deməkdir. Niyə səmərəsi olmadı subsidiyaların? On görə ki, qeyri-peşəkarlar hazırlayır. Özbəkistanda hər hektardan 50 sentner taxıl əldə edilir, Azərbaycanda 27 sentnerə düşüb. Niyə ölkədəki istehsal etdiyi buğdanın yalnız 30 faizi ərzaq buğdası kimi istifadə edilir. Əsasən Rusiyadan, Qazaxıstan gətirilir. Bu sənədi hazırlayanlar qeyri-peşəkardırlar”.
Ekspert onu da vurğuladı ki, ölkədə 7,5 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilir, 3 milyard manata yaxın dəyərində idxal edilir: “Məhsulun qiyməti gündən-günə bahalaşır. Çünki idxaldan asılıyıq, özümüz istehsal edə bilmirik. Onların da idxal etdikləri, monapoliyaya götürdükləri, istehsal vasitələrinin idxalından gəlirləri artacaq. Kəndlilərin vəziyyəti getdikcə pisləşir. Məsələ kartda deyil, ayrılan vəsaitin səmərəli xərclənməsindədir. İndiki halda fermer əldə etdiyi subsidiyanı səmərəli xərcləyə bilmir. Onu özlərindən asılı vəziyyətdə qoyublar ki, kartda yerləşdirilən pulun hesabına gübrə əldə etməlidir. Bu dövlətin puludur, vətəndaşların vergidən ödədiyi vəsaitdir və kəndliyə verilməlidir. Kəndli istehsal etdiyi məhsulu digər məhsuldan fərqli olaraq istədiyi qiymətə sata bilmir, sənaye məhsulu üçün qiyməti müəyyən edirlər, o qiymətə satırlar, ancaq kənd təsərrüfatı məhsulu istehsalçıları məcburiyyət qarşısında qalırlar, bəzən çox ucuz qiymətə satırlar. Ona görə ki, istehsal etdikləri məhsullar xarab olur, saxlama kamerası yoxdur. Həm də bizim fermerlərin istehsal etdikləri məhsullar ona görə baha başa gəlir ki, istehsal vasitələrini xaricdən gətirirlər. Məsələn, İranda dizel yanacağının bir litri kəndliyə 2 qəpiyə satılır, Azərbaycanda 80 qəpiyə satılır. Demək 40 dəfə çoxdur. Kəndlinin istehsal etdiyi məhsulunun maya dəyəri yüksək olur, baha başa gəlir. Ona görə kəndli də çalışır ki, müəyyən qazanc əldə etsin. Belə olan halda imkan yaradılmalıdır ki, o normal gəlir əldə etsin”. Ekspertin fikrincə, normal gəlir əldə edə bilmək üçün də büdcədən verilən vəsait tam verilməlidir ki, kəndli də bundan səmərəli istifadə etsin: “Sovet hökuməti ona görə dağıldı ki, orada təsərrüfatlara seçim imkanı verilmirdi, yuxarıdan hamısı göndərilirdi. Ziyanla istehsal edirdilər, dövlət o ziyanı ödəyirdi və bu da kənd təsərrüfatınln inkişafına gətirib çıxarmırdı. İndi yaranan sistemi də sovet sisteminə uyğunlaşdırıblar. Özbəkistan qısa müddətdə sovet idarəçiliyindən qopdu. Onlarda inkişafın səbəbi odur ki, kənd təsərrüfatında monapoliyanaın yaranmasına imkan vermirlər. Biz kənd təsərrüfatında ölkəyə gətirilən gübrəni yoxlatmaq üçün başqa ölkəyə göndərmişdik və təsiredici qüvvənin iki dəfə aşağı olduğu haqda məlumat verilmişdi. Belə gübrəni də kəndlilər alır, istifadə etməli olur, nəticədə məhsuldarlıq yaxşılaşmır. Səmərəliliyi təmin etmək üçün bütün vəsaitlər birbaşa karta yerləşdirilməlidir, hər hansı məhdudiyyət qoyulmamalıdır. Kəndli o kartdan istədiyi qədər maliyyə resursunu çıxarıb istifadə edə bilər. Belə çıxır ki, dövlət kəndliyə etibar etmir. Bu yalnız Azərbaycanda ola bilər ki, birbaşa kimsə bu işlə məşğul olsun, ucuz qiymətə keyfiyyətsiz gübrə alıb gətirsin və onun ödənişi birbaşa dövlət büdcəsi hesabına həyata keçirilsin. Həmin şəxs tam əmindir ki, bu keyfiyyətsiz gübrəni satacaq, qazanc əldə edəcək. Ona görə ölkənin kənd təsərrüfatı geridə qalıb”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu