“Bravo” “Oba”nı alıb? - AÇIQLAMA


“Oba” marketləri kiçik sahibkarlığı məhv edir. Məhəllələrdə az qala hər 100 metrdən bir mağaza açırlar. İllərdir ailəsini məhəllə mağazalarından dolandıran adamlar obyektlərini bağlamağa məcbur olublar.


Bunu AFN-ə Sabunçu ərazisində kiçik sahibkarlıqla məşğul olan mağaza sahibləri deyib. İş adamları “Oba”nın məhəllələrdə mağazalarının çox sıx yerləşməsindən şikayətçidirlər: “Küçənin başında da, ortasında da, ayağında da market açırlar. Bizim alverimiz ölür, müflis oluruq, onlar varlandıqca varlanırlar. Deyilənə görə, şəbəkəni “Bravo” alıb, ona görə belə durmadan çoxalır mağazaları. Əvvəllər belə şey yox idi, böyük supermarketlər vardı, bir də kiçik məhəllə marketləri, yəni bizim mağazalar. İndi bu şəbəkələr keçiblər xırda market siyasətinə, bizim belimizi qırırlar”.
Ramin adlı sahibkar deyir ki, 10 ildən çoxdur işlətdiyi mağazasına xeyli pul qoyub, təmir edib yeniləyib, üstündən bir neçə ay keçməmiş yaxınlıqda “Oba” marketi açılıb: “Mağazanın təmiri üçün kredit götürmüşdüm, alver elə zəiflədi ki, krediti də verə bilmədim, məcbur olub obyekti paltar mağazası üçün icarəyə verdim, özüm də “Vosmoy”da meyvə yeri götürüb işlətməyə başladım”.
“Oba”nın Marketinq Kommunikasiyaları şöbəsinin müdiri Fəzilət Səmədova məsələ ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, şəbəkənin “Bravo” tərəfindən alınması ilə bağlı deyilənlər gerçək deyil: “Oba” “Veysəloğlu” Şirkətlər Qrupunun səhmlərinin böyük hissəsinə malik olan qurumdur, yenə də “Veysəloğlu”nun tərkibindəyik. Kiçik sahibkarların narazılığına gəldikdə, bilirsiniz ki, yaxınlarda 1000-ci marketimizin açılışı olub və biz şəbəkə olaraq böyüməyə davam edirik. Həmin məhəllə marketləri ilə çox ciddi qiymət fərqimiz var, bizdə məhsullar dəfələrlə ucuzdur. Görünür, onların narazılığı bundandır. Daha çox mağaza açmaqda məqsədimiz də budur ki, bazar iqtisadiyyatına düzgün təsir edək və Azərbaycanda rəqabətli iqtisadiyyatı yarada bilək. Kiçik sahibkarların sıxışdırılıb bazardan çıxarılması məsələsi ilə bağlı deyə bilərəm ki, bizim gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan bir biznes modelimiz var, hansı ki, həmin sahibkarlarla işləyib, onlara yardım etməyi nəzərdə tutur. Hazırda biz bu layihə üzərində işləyirik və yaxın zamanlarda ictimaiyyətə açıqlayacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu