İnam Kərimovun təyinatı qanunsuzdur - Əkrəm Həsənov


İnam Kərimovun Ali Məhkəməyə təyinatı qanunsuzdur. Prezidentə bu təklifi verənlər məsuliyyətə cəlb olunmalı, onun təyinatı zəruridirsə, ilk növbədə Qanuna düzəlişlər edilməlidir.


AFN.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Sabah Milli Məclis İnam Kərimovu Ali Məhkəmənin hakimi təyin edəcək. "Yəqin ki, bundan dərhal sonra Prezident də onu Ali Məhkəmənin sədri təyin edəcək. Amma bu qanunsuzdur!" - deyə Ə.Həsənov qeyd edib. O, daha sonra fikirlərini belə davam edib: :"Məhkəmələr və hakimlər haqqında" Qanunun 93.3-cü maddəsinə əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Həmin Qanunun 93.4-cü maddəsinə görə isə hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər sözügedən prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən hakim vəzifələrinə təyin edilə bilərlər.
İnam Kərimovun nüfuzu və mənəvi keyfiyyətləri subyektiv məsələdir. Amma tərcümeyi-halından görünür ki, ümumi stajı 21 ildir, onun da yalnız 10 ili hüquqşünas ixtisası üzrə olub. Bu isə artıq obyektiv məsələdir! Əlbəttə, ola bilər ki, o paralel olaraq hüquq sahəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. Lakin ictimaiyyətə onun elmi əsərləri və ya haradasa müəllimlik etməsi faktı bəlli deyil.
Beləliklə, o, nəinki Ali Məhkəmənin sədri, ümumiyyətlə heç bir məhkəmənin hakimi təyin oluna bilməz. Buna görə də Prezidentə bu təklifi verənlər (və ya səsini çıxarmadan dəstəkləyənlər) məsuliyyətə cəlb olunmalıdır!"
Ekspert vurğulayıb ki, problem Kərimovun özündə deyil: "Mövcud vəziyyətdə potensial namizədlər arasında məqbul variantlardan biridir. Savadlı hüquqşünasdır, “ASAN xidmət” kimi uğurlu layihənin qurucularındandır. Düzdür, kənd təsərrüfatı sahəsində bu uğuru təkrarlaya bilmədi. Hər bir halda Ali Məhkəmənin sədri kimi işin öhdəsindən necə gələcək – zaman göstərər. Yaxşıya yaxşı, pisə pis deyəcəyik.
Əsas məsələ qanunun aliliyidir. Kərimovun təyinatı zəruridirsə, əvvəlcə Qanuna düzəliş edilməlidir. Məsələn, yazıla bilər ki, ali hüquq təhsili olan və əvvəllər Prezident, vitse-prezident, Baş nazir, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri (nazir, komitə sədri və s.), deputat, Ombudsman olmuş şəxlər stajından asılı olmayaraq hakim təyin edilə bilər. Ötən əsrin əvvəllərində ABŞ-ın 27-ci prezidenti Taft Ali Məhkəmənin sədri təyin olunmuşdu. Belə istisnaların olması normal və ağlabatandır.
Qanuna belə düzəliş edilməsə, Kərimovun təyinatı qanunsuz, fəaliyyəti isə qeyri-legitim olacaq. Həm onsuz da bərbad gündə olan məhkəmə sistemimizə növbəti zərbə olacaq, həm də onun özü üçün problem olacaq. Biz elə bu yaxınlarda Ali Məhkəmənin sabiq sədrinin qanunsuz olaraq vəzifəsində artıq müddətə qaldığını gördük. İndi isə onun xələfinin qanunsuz təyinatı ərəfəsindəyik. Çox təəssüf..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu