Həqiqi hərbi xidmətə yollanan vətəndaşların kredit öhdəliyi dondurulsun – deputatdan təklif


Banklardan biri əsgərlikdə olan şəxsn anasından oğlunun adına olan kreditin ödənməsini tələb edir.


AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, gənc aktiv krediti ola-ola həqiqi hərbi xidmətə yollanıb. Hazırda krediti verən bank onun xəstə anasından kreditin ödənməsini tələb edir.
Bəs bu hallar qanunla və bankdaxili qaydalarla necə tənzimlənməlidir? Həqiqi hərbi xidmətə yollanan gənclərin aktiv kreditləri hərbi xidmət müddətində dondurulmalıdırmı, yoxsa ödənməsi tələbi qanunidirmi?



Məsələ ilə bağlı AFN.az-a danışan bank sektorunda çalışan şəxs bildirdi ki, əgər həqiqi hərbi xidmətə gedən şəxsin aktiv krediti varsa, mütləq ödəməlidir: “Fərqi yoxdur hərbi xidmətə gedib, ya hara. Əgər əsgər gedəcəyini bilə-bilə kredit götürübsə, bu onun öz problemidir. Bundan əlavə, kredit verilən zaman yəqin ki, zamin də götürülüb, o zaman bank krediti zaminə ödətdirə bilər. Zamin də yoxdursa, o halda bir az məsələ çətinləşir. Belə bir hal yaranarsa, adam banka müraciət edib əsgərlikdə olduğunu deyə və möhlət istəyə bilər. Hər bir halda yenə də məsuliyyət qalır, kredit gecikməyə düşə, faizlər hesablana bilər. Bankın yeganə edə biləcəyi faizi saxlamaqdır. Amma bu da bankın öz seçimidir, qanunvericiliyin tələbi deyil. Qanunvericilik tələb edir ki, krediti götürən şəxs ödəməlidir. O olmasa da zamin ödəməlidir, yaxud girov varsa girovla əvəzlənir. Hər bir halda, götürülən kredit qaytarılmalıdır. Ailə üzvləri də ödəyə bilərlər, buna imkanları yoxdursa, yaxınlaşıb ərizə yazıb kreditin dondurulmasını xahiş edə bilərlər. Bu zaman bankın müsbət yanaşması hallarına, sözün düzü, praktikada nadirən rast gəlinir”.



Deputat Vüqar Bayramov bildirdi ki, banklar tərəfindən kreditlərin verilməsi həm qanunvericiliklə, həm də Mərkəzi Bankın təsdiqlədiyi qaydalarla müəyyənləşir: “Amma banklar da kredit verərkən müstəqil şəkildə şərtləri müəyyənləşdirmək, yaxud razılaşdırmaq hüququna malikdirlər. Ona görə də banklar əgər vətəndaşa kredit verirsə və həmin vətəndaş kredit müddətində hərbi xidmətə gedirsə, o zaman bu halın qarşılıqlı müqavilə ilə kredit müqaviləsinə daxil edilməsi mümkündür. Həmin müddətdə bank tərəfindən vətəndaşa güzəştin verilməsi həyata keçirilə bilər. Lakin bizim apardığımız monitorinqlər göstərir ki, belə hallarda güzəştlər verilmir, bank müqavilələrində bu, əksini tapmır. Ona görə də bizim təklifimiz ondan ibarətdir ki, belə güzəştlərin verilməsinin, yaxud bu hallarla bağlı yaranmış məsələlərə baxılmasının Mərkəzi Bankın təsdiq etdiyi qaydalarda öz əksini tapması daha məqsədəuyğundur. Çünki Mərkəzi Bank kreditin verilməsi ilə bağlı qaydaları müəyyənləşdirir, həmin qaydalar Ədliyyə Nazirliyində qeydiyyata alınır. Bu qaydaların müəyyənləşdirilməsi xüsusən hərbi xidmətdə olan vətəndaşlarımıza kredit öhdəliyi ilə bağlı güzəştin tanınmasına gətirib çıxara bilər. Bu halda həmin vətəndaşımızın hərbi xidmətdə olduğu müddətdə ödəməsi dayandırıla bilər, daha sonra xidmətdən qayıtdıqdan sonra kredit ödənişini davam etdirə bilər. Bu məqamın rəsmi tənzimlənməsinə ehtiyac var”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu