DİM: 6 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub


Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.


DİM-dən AFN-ə verilən məlumata görə, 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Qeyd edək ki, 15 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi ayrılıb.

Bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

İyulun 16-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli, buraxılış vərəqi və sağlamlıq haqqında bəyannamə) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu