Azərbaycan və Özbəkistan tibbi, sağlamlıq turizmində əməkdaşlığa başlayırlar


Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri daha da genişlənəcək.


AFN.az xəbər verir ki, bu məqsədlə mövcud əməkdaşlıqların sırasına Azərbaycanın Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyası ilə Özbəkistanın Tibbi Turizm Assosiasiyası arasında imzalanan əməkdaşlıq sazişi də daxil olub. Sazişi Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və Xidmət üzrə İş Komissiyasının və Sağlamlıq, Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevlə Özbəkistanın Tibbi Turizm Assosiasiyasının rəhbəri Akobir Şükürov imzalayıb. Sənəd sağlamlıq, tibbi turizm sahəsində qarşılıqlı, birgə əməkdaşlığı, layihələrin hazırlanması və s. məsələləri özündə əks etdirir.
Görüşdə ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, “Skal Baku” klubunun sədri Ceyhun Aşurov və turizm sektorundan olan şirkətlər iştirak ediblər. R.Quliyev ölkəmizdəki sağlamlıq və termal turizm imkanlarına toxunub və xüsusən də müalicəvi Naftalan nefti ilə bağlı turizmçilərin gələn il üzrə qarşıya qoyduqları məqsədi açıqlayıb. “Azərbaycanın termal turizm imkanları genişdir və biz Özbəkistandan turistləri qarşılamağa hazırıq”, - deyə R.Quliyev qeyd edib. G.Qəhrəmanov ölkələrimiz arasında əlaqələrin genişləndiyini və hazırkı yüksək münasibətlər fonunda turizmin inkişafı üçün imkanlara toxunub. “Özbəkistandan turist axını gözləyirik”, - deyə əməkdaşlıq üçün birgə layihələrlə bağlı fikirlərini bölüşüb.
Akobir Şükürovun sözlərinə görə, Özbəkistan Azərbaycana olan təyyarə reyslərinin sayı artıb, buna baxmayaraq 10 gün əvvəldən bütün biletlər satılır. O, hazırda Özbəkistanda reyslərin sayının artırılması ilə bağlı müzakirələr aparıldığını vurğulayıb.
Qonaq bildirib ki, 2019-cu ildə Özbəkistan turizmin inkişafı üzrə dövlət proqramı qəbul edib və ölkəsinin tibbi, salamlıq turizmi üzrə Asiyada mərkəzə çevrilmək kimi bir planı mövcuddur. Bakıdakı Liv Bona Dea klinikasına səfər etdiyini söyləyən Akobir Şükürov, “çox böyük, müasir və unikal klinikadır”, - deyə bildirib.
Tərəflər birgə əməkdaşlıq üçün ümumi bir fəaliyyət planı hazırlamağı qərara alıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu