Vüqar Qurbanov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri ilə görüşüb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ictimaiyyətlə əlaqələr işinin təşkili ilə bağlı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilə görüşüb.


TƏBİB-dən AFN.az-a verilən məlumata görə, görüşdə İcraçı direktorun müavinləri Anar İsrafilov, Araz Nəsirov, müşavir Pərvin Əkbərov, Aparatın struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşün əsas məqsədi ictimaiyyətlə əlaqələr işinin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və gələcək fəaliyyət planlarının müzakirə edilməsindən ibarət olub.

İlk olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilovanın bu istiqamətdə həyata keçirilmiş fəaliyyət, müşahidə edilən çatışmazlıqlar və qarşıda duran vəzifələrlə bağlı geniş məruzəsi dinlənilib.
Daha sonra İcraçı direktor Vüqar Qurbanov TƏBİB-in və tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təmin etməyin, media subyektləri ilə səmərəli əlaqələr yaratmaq və bunu intensiv olaraq inkişaf etdirməyin önəmini qeyd edib.
TƏBİB tabeliyində fəaliyyət göstərən 90 tibb müəssisəsində mövcud olan ictimaiyyətlə əlaqələr ilə bağlı 108 ştat üzrə 85 işçi çalışdığını bildirən V.Qurbanov bununla Kommunikasiya Strategiyasında qarşıya qoyulan hədəfə 79 faiz nail olunduğunu bildirib.
TƏBİB-in ümumi fəaliyyətində ictimaiyyətlə əlaqələr işinin keyfiyyət meyarlarının mövcud tələblərə uyğun şəkildə genişlənməsinin vacibliyini bildirən İcraçı direktor bu sahə üzrə koordinasiyalı işin qurulması, tabeli tibb müəssisələrində keyfiyyətli iş əmsalının yüksəldilməsi istiqamətində ciddi dönüş yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
O, TƏBİB-in fəaliyyətini geniş müstəvidə şəffaf və obyektiv prinsiplər əsasında ictimaiyyətə çatdıran Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tibb sahəsində həyata keçirilmiş yeniliklərin mütəmadi olaraq bölüşülməsi, vətəndaş məmnunluğunun artırılması, eyni zamanda ümumi işin gedişinə maneə olan səbəblərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonda tabeli tibb müəssisələrinin direktorları və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərlə fəaliyyət istiqamətlərinin yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu