Qızılca və göy öskürək mutasiyaya uğrayıb? – pediatr hamını peyvəndə səslədi


Son vaxtlar uşaqlar və yeniyetmələr arasında yayılan və artıq həyəcanlı vəziyyətə səbəb olan qızılca, göy öskürək kimi xəstəliklərin aqressivləşməsi müşahidə olunur. Artıq ictimaiyyət arasında belə rəylər var ki, bu xəstəliklərin ölümlə nəticələnməsi əvvəlki illərə nisbətən daha çoxalıb.


Bunun səbəbləri də ciddi müzakirə mövzusuna çevrilib. Mütəxəssislər əsas səbəb kimi uşaqların peyvənd olunmamasını qeyd etsələr də, müzakirələrdə başqa fikirlər də səslənir. Məsələn, bəzi şəxslər hesab edirlər ki, hazırda göy öskürək və qızılca kimi xəstəliklərdə onların müalicəsində istifadə edilən dərmanlara qarşı immunitet yaranıb. Yəni, bir növ bu xəstəliklər mutasiyaya uğrayıb və ənənəvi müalicəyə tabe olmurlar. Bu fikirlər nə dərəcədə doğrudur?

Pediatr Vaqif Qarayev AFN.az-a açıqlamasında bildirdi ki, qızılca, göy öskürək kimi xəstəliklər COVİD-dən öncə də olub: “Pandemiya müddətində qapanma oldu deyə, bir növ bu viruslar da, obrazlı desək, “qapandı”, artıq insanlarla bərabər onlar da azaddır. Bəribaşdan deyim ki, uşaq peyvəndli idi ağır tutdu, yaxud öldü kimi sözlərə mən inanmıram. Baxın, ölüm hadisələrinin demək olar ki, hamısı ilə bağlı açıqlama verilərək bildirilir ki, həkimə vaxtında müraciət olunmayıb. Göy öskürəyin peyvəndi AkDS-dir, yüz valideyndən soruşsan hamısı deyəcək ki, vurdurmamışam. Qızılca ilə bağlı son vaxtlar ölüm halları valideynləri həyəcanlandırdı, hiss edirəm ki, peyvəndlənmədə artım var. Amma artıq epidemiya yüksək həddədir. Peyvənd vurulandan sonra azı 3-4 həftə lazımdır ki, orqanizmdə antitellər yaransın. Uşaq bu müddətdə yoluxa bilər. Çox nadir hallarda peyvəndli uşaqlar ağır keçirə bilər. Qızılcanın bir klinik forması var: peyvəndli uşaqlarda qızılca. Son dərəcə yüngül keçir, demək olar ki, heç tibbi müdaxiləyə ehtiyac olmur. Peyvənd ortalama 95 faiz hallarda yoluxmadan qoruyur insanları. Yerdə qalan 5 faiz də yoluxa bilər, amma yüngül keçirirlər. Ona görə də bu ara söhbətlərini yığışdırmaq lazımdır. Yoluxucu xəstəliklərdən qorunmağın iki yolu var: əvvəla, peyvəndi varsa peyvənd olunmalıdır insanlar, ikincisi isə təcrid olunmalıdır. Bizdə də heç biri yoxdur. Nə peyvəndlər edilir düzgün, nə də bu halda təcrid qərarı verilir”.
V.Qarayev qeyd etdi ki, qızılcanın pnevmaniya, meningit, ensofalit və s. kimi ağırlaşmış formaları var: “Bunlar ölümcül ağırlaşmalardır. Ağırlaşma getdisə, ölümü gözləmək lazımdır. Bunu təbii ki, heç kim istəmir. İndi qızdırma ilə gedən 4-5 virus var: qızılca, su çiçəyi, skarlatina, göy öskürək, qrip. Bunlar hamısı başlanğıcda qızdırma ilə başlayır və əksəriyyət bunu adi mövsümü soyuqdəymə hesab edir və həkimə müraciət etmir. Gör öskürəyin özünün də çox ciddi ağırlaşmaları var, bu da sadə xəstəlik deyil. Mən şəxsən nə qədər qızılcalı, göy öskürəkli uşaq görmüşəm, heç biri peyvənd olunmayıb. Ana oturub ağlayır, soruşursan niyə peyvənd olunmayıb uşaq, deyir bilmirəm. Əksər cavablar da guya peyvəndin ziyan olduğudur. Hardasa oxuyub, bazarda eşidib, marketdə eşidib qərarını verib. Sonra da yalvarırlar ki, həkim, kömək edin. Peyvəndi vaxtında etsəniz, ən azı psixoloji sakit olacaqsan, biləcəksən ki, uşağın yoluxsa da, bu xəstəliyi yüngül keçirəcək. Ümumiyyətlə, təkcə qızılcaya, göy öskürəyə qarşı yox, digər peyvəndləri də etdirmək lazımdır, əks halda epidemiya səngiməyəcək”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu