Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib


Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib


Avqustun 18-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib.

Nazir şərəf manqası ilə salamlaşdıqdan sonra şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.

Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.

Şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı müvafiq göstəriş verib.

Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib.

Tədbirin sonunda general-polkovnik V.Eyvazov hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu