Şəhid oğlu, məcburi köçkün dövlətdən ev istəyir: "Çox çətin şəraitdə yaşayırıq"-FOTOLAR




"Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkünəm. Ailəmlə birgə çox çətin şəraitdə yaşayırıq. Evə çox ehtiyacımız var".



Bunu Tağıyev Elyar Bakir oğlu AFN-ə ünvanladığı müraciətində yazıb. O, bildirib ki, Abşeron rayonu, Saray qəsəbəsində birotaqlı, şəraitsiz evdə məskunlaşıb: "Çox çətin vəziyyətdə qalırıq. Ev demək olmaz, əsl daxmadır. Şəraitsizlikdən həyat yoldaşımın da səhhətində ciddi problem yaranıb, artıq işləyə bilmir. Övladım da xəstədir".

E.Tağıyev məktubunda atasının şəhid olduğunu da qeyd edib: "Atam şəhiddir. Torpaqlarımızın azadlığı uğrunda canından keçib. Erməni əsirliyində diri-diri yandırılaraq, öldürülüb. Maddi vəsiziyyətimiz son dərəcə ağırdır. Qaz idarəsində texniki işçi kimi çalışıram. Maaşım 320 manatdır. Mənzilə çox ehtiyacımız var. Saray qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən binadan heç olmazsa, birotaqlı mənzillə təmin olunmağımızı istəyirəm".

Şikayətçinin müraciəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, məcburi köçkünlərin mənzillə təmin olunması mərhələli şəkildə həyata keçirilir: "Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olduğu barədə rəy verilmiş bina və tikililərdə müvəqqəti məskunlaşmış, həmçinin uzun müddət ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahəsi ilə birinci növbədə təmin edilirlər. Xocavənd rayonundan məcburi köçkün Elyar Tağıyevin müraciətinə cavab olaraq bildiririk ki, hazırda Dövlət Komitəsinin sifarişi əsasında Abşeron rayonu Saray qəsəbəsində məcburi köçkünlər üçün yaşayış kompleksi inşa edilmir. E.Tağıyevin yaşayış şəraitinin yaxşılaşdırılması məsələsinə də, bu kateqoriyadan olan digər məcburi köçkünlər kimi növbəti mərhələlərdə baxılacaqdır".

Könül CƏFƏRLİ

Şəhid oğlu, məcburi köçkün dövlətdən ev istəyir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu