Bölmə rəisinin atası ilə bağlı dələduzluq İTTİHAMI-araşdırma aparılır




"Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov tərəfindən dələduzluqla üzləşmişəm. Ortaq biznes qurmaq adı ilə məndən aldığı böyük məbləğdə pulu geri qaytarmır".



Bunu AFN-ə məktubla müraciət edən Göyçay sakini Mehman Quliyev bildirib. Şikayətçinin iddiasına görə, Z.Novruzov oğlunun vəzifəsindən sui-istifadə edərək, vətəndaşdan aldığı 41500 ABŞ dollarını mənimsəyib: " N.Novruzovun atasından Azərbaycanda biznes qurmaqla bağlı təklif aldım. Razılaşıb, işə başladıq. Bu məqsədlə, adı çəkilən şəxsə 41500 ABŞ dolları pul verdim. Həmin vəsaitlə “Hovo” markalı 99DE219 dövlət nömrə nişanlı yük avtomobili alındı və sənəd Z.Novruzovun həyat yoldaşı Fatma Novruzovanın adına rəsmiləşdirdi. Rusiyada yaşadığım üçün biznesə Zəlimxan Novruzovun özü nəzarət edirdi. Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğ versə də, sonradan oğlunun vəzifəsindən, mənim etibarımdan sui-istifadə edərək, aldatmağa başladı".



M.Quliyevin sözlərinə görə, şikayətçi olduğu tərəf "Hovo" markalı avtomobilin nömrəsini də dəyişdirib: " Həyat yoldaşı F. Novruzova ilə rəsmi şəkildə boşansa da, yenə bir yerdə yaşayırlar. Bütün əmlakını xanımının adına rəsmiləşdirib O, bunu dələduzluq yolu ilə əldə etdiyi kapitalı qorumaq üçün edib. Mən də aldadıldığımı görüb, Z.Novruzovdan həmin avtomobili satıb, ödədiyim 41500 ABŞ dollarını geri qaytarmağını tələb etdim. Amma indiyədək pulumu qaytarmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edib, məlumat da vermişəm. Ancaq hələlik heç bir tədbir görülməyib".

Şikayətlə bağlı DİN və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətləri ilə əlaqə saxladıq. BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev AFN-ə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı DİN-də araşdırma aparılır: "Həmin vətəndaşın şikayətindən xəbərimiz var, rəhbərlik də bilir. Hazırda araşdırma aparılır. Təfərrüatları ilə bağlı mətbuata açıqlama veriləcək".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu