Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır




ETSN-də keçirilən mətbuat konfransında ETSN-nin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov jurnalistlərə bildirib ki, mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.



İlkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək. Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.

İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir.

Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir.

Bildiririk ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır.

Etiraf edək ki, yenə də istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırır.

Etiraf etməliyik ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, müxtəlif infrastruktur layihələri icra olunur.Təbiidir ki, bu işlərin görülməsi zamanı yaşıllıqların köçürülməsi və götürülməsinə də zərurət yaranır. Bəzən də yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir.

Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkəmizin hər yerində kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev jurnalistlərə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusilə Ekoloji Ekspertiza idarəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir çox istiqamət üzrə sıx əməkdaşlıq edir.

Bu gün təqdim edilən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazanın yaranması, məlumat mübadiləsi işinə həmçinin Komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək.

Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb. Həmin komissiyada da ETSN ilə əməkdaşlıq edilir.

Baş Planla bağlı qeyd etmək lazımdır ki, iş artıq ikinci mərhələdədir.

Xatırladaq ki, birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir.

İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk.

Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

ETSN-nin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə bildirib ki, Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ötən ildən başlayaraq ictimai dinləmələr keçirilir.

İctimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edir və idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir.

Bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.

Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır.

Təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur.

Nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırdır.

Qeyd edim ki, növbəti ictimai dinləmədə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı təqdim olunan layihələr də müzakirəyə çıxarılacaq. İctimai dinləmə ötən həftə Gəncə şəhərində keçirilib və respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov çıxışında bildirib ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına qərar veriləsinə böyük dəstək olacaq. Bildiyiniz kimi, Bakı şəhərində yaşıllıqlar əsasən 60-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var. Bu səbəbdən də ağacların dekorativ nöqteyi nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala düşməsi qanuni haldır. Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaratdığı yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq olaraq ağac və kol növlərinin seçərək əkilməsinə nail olaq.

Bu vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir.



Binəqədi rayonu 8-ci mikrorayon 12 nömrəli kvartal



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu