Ukrayna Donbasda müharibəyə başlayır... – Kreml savaşa qarışacaqmı?
"Artan gərginlik bizi narahat edir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Ukraynanın cənub-şərqində yeni genişmiqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
O, bunu da qeyd edib ki, Kreml "Ukrayna tərəfinin bu və ya digər şəkildə müharibəyə səbəb olacaq təxribat xarakterli hərəkətlər edə biləcəyindən” narahatdır.
"Əlbəttə ki, bunu görmək istəməzdim", - prezidentin mətbuat xidmətinin rəhbəri əlavə edib.
Kremlin sözçüsü bu müharibədə Rusiyanın Donbas tərəfində iştirak etmə ehtimalına dair sualı cavablandırarkən belə deyib:
"Mən orada baş vermiş vətəndaş müharibəsini nəzərdə tuturam".
Eyni zamanda, Ukrayna prezidentləri Vladimir Zelenski və Petro Poroşenkonun hərəkətlərini müqayisə edən Peskov Kremlin "Ukrayna silahlı qüvvələrinin öz xalqlarına qarşı hərbi hərəkətlərinin və təcavüzkarlığının” Poroşenkonun rəhbər olduğu bir dövrdə başladığını unutmadığını bildirib.