Dünyada hər kəsin peyvəndlənməsi nə qədər vaxt aparacaq?
Dünya alimləri COVİD-19 epidemiyasının cəmiyyətin immunitet qazanması ilə yox olacağında həmfikirdirlər. Bunun üçün peyvəndləmə birinci növbədə əhəmiyyət kəsb edir. Bəs dünyada hər kəsə COVİD peyvəndi vurulması nə qədər vaxt aparacaq?
Dünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Dr. Tedros Adhanom Ghebreyesus deyib ki, aşılar epidemiyanı dayandırmaq üçün əhəmiyyətli bir ümid mənbəyidir: “Dünyanı tam olaraq qorumaq üçün yalnız aşı ala biləcək ölkələr deyil, risk altında olan hər kəsin aşılanmasını təmin etməliyik". Aşıların epidemiyaya qarşı mübarizədə əsas rol oynayacağı məlum olsa da, peyvənd proqramlarında bir çox maneələr yaranır. Cəmiyyətdə peyvənd məsələsində tərəddüd, istehsal və təchizat problemlərindəki çətinliklər də qlobal mənada "cəmiyyət immuniteti"nin təmin edilməsində əsas maneələrdir.
Bir çox ölkədə COVİD-19-a qarşı peyvənd proqramları başlayıb. Lakin tələb və təklif arasındakı uyğunsuzluq hələ həll olunmayıb. Statistik məlumatlara görə, bu günə qədər 138 ölkədə 565 milyon dozaya yaxın aşı tətbiq olunub. 30 mart tarixində 24 saat ərzində verilmiş peyvənd dozalarının sayı 13.9 milyon olub. Bu rəqəmlər ilk baxışda yüksək görünsə də 7.8 milyarda yaxın olduğu təxmin edilən dünya əhalisinin yalnız 7.2 faizinin ən azı bir doza peyvənd aldığını göstərir. Peyvəndləmə eyni tempdə davam edərsə, dünyadakı hər kəsin aşılanması 3 ildən çox vaxt ala bilər. Onu da nəzərə almaq lazımdır ki, mövcud olan bütün peyvəndlər tam qorumaq üçün iki doza tələb edir.
“Economist” jurnalının tədqiqat bölməsi olan Economist Intelligence Unit (EIU) hesablamalarına görə, inkişaf etmiş iqtisadiyyatlardakı yetkin əhalinin aşılanması 2022-ci ilin ortalarına qədər həyata keçiriləcək. Orta gəlirli ölkələrdə bu təqvim 2022-ci ilin sonuna, hətta 2023-cü ilin əvvəlinə qədər uzana bilər. Kasıb ölkələrdə böyüklərin peyvəndlənməsi 2024-cü ilə qədər davam edə bilər. Əhalinin əksəriyyətinin ən azı bir doza peyvənd aldığı İsrail və İngiltərə kimi ölkələrdə peyvəndlərin xəstəxanaya müraciət edən və ölüm sayını azaltdığı, hətta virusun yayılmasının qarşısını alması kimi əlamətlər mövcuddur.
Dünyada 200-dən çox peyvənd təhlükəsizlik və qoruma testlərindən keçməyə davam edir. Yeni peyvəndlərin təsdiqini alaraq istehsalına başladıqca, qlobal peyvənd proqramının həddən artıq genişlənəcəyini gözləmək olar.
Digər tərəfdən, peyvənd inkişaf prosesləri görünməmiş bir sürətlə inkişaf etsə də, peyvəndlərin istehsalında və dünyaya yayılmasında qeyri-sabit bir proses var. Zəngin ölkələr, əczaçılıq şirkətləri ilə ikitərəfli razılaşmalar yolu ilə, ehtiyaclarından daha çox aşılar tədarük edirlər. Məsələn, Kanada bütün əhalisini aşılamaq üçün lazım olan aşıların ümumi miqdarının beş qatını sifariş edib. Digər tərəfdən, ABŞ-dakı Oxford-AstraZeneca peyvəndlərinin ehtiyatlarını da istəyib.
İngiltərə də peyvənd ehtiyatı toplamaqda günahlandırılır. Wellcome Fondunun direktoru Jeremy Farrar, İngiltərənin bütün əhalisini aşılamaq üçün lazım olan aşı miqdarının iki qatına malik olacağını deyir: “Sərhədlərdən o tərəfi də düşünməliyik. İngiltərədə istifadə olunmayan dozaların ehtiyac olduqları ölkələrlə bölüşdürülməsi lazımdır. Bu, etik bir məsələ deyil, elmi və iqtisadi bir öhdəlikdir."
İmperator Kollecinin professoru Azra Ghani, COVİD-19 peyvəndlərinin əsas məqsədinin insanları xilas etmək olduğunu vurğulayıb: “ Bunun yolu cəmiyyətin immunitetini təmin etmək və virusun yayılmasının qarşısını almaqdır. Virusun müəyyənləşdirilməsindən bir il keçdi, lakin peyvəndlərin hazırlanmasında sürətimiz gözləntilərdən çoxdur. Bu virusla bağlı elmi məlumatlarımız artmaqdadır. Virusu tamamilə ortadan qaldırmaq olmasa da həyatın normal məcraya qayıtmasına ümid edə bilərik”.
NİGAR