Bu ölkənin altı üstünə çevrilsə də, Ramin Hacılı buraxılacaq! - xanımı həbs edilən aktivistin müdafiəsinə qalxdı
"Tam əminliklə deyirəm ki, Ramin Hacılı şərlənib. Bu qədər həyasızca, bu qədər açıq şərlənib. Niyə? Çünki adı mühacir işində hallanıb, niyə çünki bir dəfə tutulub, şər atmaq asan gəlir."
AFN xəbər verir ki, bunu həbs edilən aktivist Ramin Hacılının həyat yoldaşı, yazıçı Aysel Əlizadə bildirib. O qeyd edib ki, bu dəfə elə olmayacaq: "Bu dəfə elə olmayacaq. Keçən dəfə həqiqətən borclu olduğu adamlar vardı şikayət etmişdilər deyə, mən də dostları da hay salmadıq, abır etdik. Mən həyasız adam deyiləm, yalandan deyə bilməzdim ki, borcu yoxdu. Amma əmin idim ki, kimsənin bir manatını aldadıb almayıb. Gizlətməyib, inkar etməyib, özü deyib ki, borca düşmüşəm. Niyə düşdüyünü də dəfələrlə açıqlayıb. Adamın başına hər iş gələ bilər. Buna görə insanı çərlədib öldürmək lazımdı?
Biz imkanlı yaşamamışıq, kirayədə qalmışıq illər boyu. İndi də anamın evində yaşayıram. Kimə maraqlıdı gəlib baxsın şəraitimə. Onun bir mülkü bir əmlakı olmayıb şübhələnim ki, bunu necəsə fırıldaqla əldə edib.
Həbsdən çıxdı yatmadı, dincəlmədi işlədi borclarının 80 faizini qaytardı. Heyrət edirdim. İnsan necə bu qədər güclü olar, işgüzar, bacarıqlı olar, sınmaz, əyilməz. Onu boş yerə müdafiə etmirəm. Ramin qızıldan qiymətli oğlandı. Mərddi!"
Səkkiz ildir R.Hacılı ilə ailəli olduğunu deyən A.Əlizadə bildirib ki, onunla çiyin-çiyinə qızını böyüdür: "Qızım birinci sinifə gedib yanımda Ramin olub, imtahan verib, yanımda Ramin olub. Pulqabısını vəkili gətirib verdi mənə. Baxıram ki, qızımızın şəkli var içində. Aramızda nə problem yaşansa da, bir dəfə uşağımın hansısa istəyinə yox deməyib. Onu buraxacaqsız, vəssalam! Bu ölkənin altı üstünə çevrilsə də, Ramin Hacılı buraxılacaq, çünki suçsuzdu!"
Xanım yazar bildirib ki, bir dəstə tutublar pullarını alıblar işi də Hacılının üstünə yükləyiblər: "Bu qədər bəsit! Bəlkə də sifarişdi, onu da bilmirəm. Amma təqsirsizdi! 13 maddə yükləyiblər. Yiyəsiz oldun vəssalam, bədbəxt edəcəklər səni. İnanırdıq, ümid edirdik ki, düzəlir ölkə, sağlamlaşır, biz də əlimizdən gələni edək. Nə çətinlik olsa da dözək, təki Vətən yaşasın. Yox, zorla deyirlər ki, nə düzəlmək? Düzəlmir heç ümid də etməyin. Düzələcək, biz bu ölkəni sizdən alıb düzəldəcəyik. Əmin olun!"
Qeyd edək ki, R.Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.
O, 2018-ci ildə də sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı.