Ramin Hacılının məhkəmədə ürəyi getdi - İctimai fəalın səhhətində ciddi problem yaranıb
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının məhkəmədə ürəyi gedib.
Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib.
"Raminin ürəyi getdi. Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”, - deyə Hürü Hacıyeva bildirib.
Onun sözlərinə görə, oğlunun səhhətində ciddi problem yaranıb: "Təcili Tibbi Yardımın əməkdaşları dedi ki, Ramin mütləq həkim nəzarətində olmalıdır. Vəziyyəti çox ağırdır”.
Qeyd edək ki, Ramin Hacılı həbsinə etiraz edərək quru aclığa başlayıb. O artıq 7 gündür ki, aclıq edir.
Anası bildirib ki, səhhətindəki problemlərə rəğmən oğlu aksiyanı davam etdirməkdə israrlıdır: "Dayandırmaq istəmir aclığı. Mən bir ana kimi Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edirəm. Oğlum günahsız yerə həbs edilib. Borcu var, qaytarırdı. Heç yerə qaçmırdı. Cavan, savadlı uşaqdır. Niyə həbs edirlər axı? Məgər həbslə borc qaytarılır? O azadlıqda olmalıdır ki, borcunu qaytarsın”.
Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. Prokurorluq hökmdən protest verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində protestə və iş üzrə iki nəfər zərərçəkmişin apellyasiya şikayətinə baxılıb. Ramin Hacılının səhhətində problem yarandığına görə proses sentyabrın 14-nə təxirə salınıb.