Bir ali məktəbimiz belə 1500 universitet siyahısına düşməyib
"Dünya reytinqində yer almamağımızın başlıca səbəbi odur ki, Azərbaycandakı ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə şöbələri universitetlərin reytinq baxımından irəliləməsində maraqlı deyillər”.
Bunu təhsil eksperti Kamran Əsədov dünyanın ən yaxşı 1500 universitetini müəyyən edən US news reytinq agentliyinin siyahısında Azərbaycanda fəaliyyət göstərən universitetlərin yenə də yer almaması səbəblərindən danışarkən deyib. Ekspertin fikrincə, Azərbaycan universitetləri dünya reytinqində ona görə yer ala bilmir ki, müasir dövrün tələblərinə, standartlarına cavab verən elm-tədqiqat işlərilə məşğul olmurlar: "Ölkəmizdəki universitetlərə gələn xarici tələbələrin sayı çox azdır. Ərazisi Bakının yarısı qədər olan Sinqapurun iki universitetində 80 min xarici tələbə təhsil alır. Türkiyə universitetlərində isə 195 min əcnəbi tələbə oxuyur. Azərbaycanda isə bu rəqəm cəmi 6 mindir.
Azərbaycan universitetlərinin ixtiraları, kəşfləri, patent aldığı məhsullar yoxdur. Azərbaycanda oturub Kembric, Oksford universitetlərinin ingilis dilli materiallarını oxumaq mümkündür. Halbuki Azərbaycan özü o tip məhsulları çap edə bilər. Disertasiya işləri ölkəmizdə lokal xarakterlidir, burada keyfiyyət yoxdur”.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan universitetlərində yataqxana təminatı sıfır səviyyəsindədir: "Halbuki qəbul aparılan plan yerinin ən azı 60 faizi yerləşdirə biləcək tələbə yataqxanaları olmalıdır. Amma Azərbaycanda tələbələrin 1 faizini belə yataqxanalarda yerləşdirə bilmirik. Universitetlərin laboratoriya, elektron kitabxanası yoxdur. Yalnız Xəzər Universitetinin elektron kitabxanası var.
İdarəetmədə mobillik, çeviklik yoxdur. Beynəlxalq konfrans və tədbirlərdə çıxışlarımız yox səviyyəsindədir. Bunları sadalayanda Azərbaycan universitetlərinin dünya reytinqində yer almaması gözlənilən idi”. (Qaynarinfo)