Fərid Şəfiyev: "İran İkinci Qarabağ müharibəsindən sonra özünü uduzmuş tərəf sayır"


“İranla Azərbaycan arasında qonşuluq münasibətləri mövcuddur. Təəsüflər olsun ki, İran İkinci Qarabağ müharibəsindən sonra özünü narahat hiss edir. Hətta bəziləri deyir ki, bu ölkə özünü uduzmuş tərəf sayır”.


AFN xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O vurğulayıb ki, İranın Ermənistanla hər zaman yaxşı əlaqələri olub: “Bu cəhətdən götürsək, uduzub. Amma gələcəyə baxsa, yaranan yeni imkanlar, dəhlizlər İran üçün də yeni fürsətlər yaradır. Onlar narahatdırlar ki, Zəngəzur dəhlizi İranın bu regionla əlaqəsini kəsir, Tehranı bölgədən uzaqlaşdırır. Amma, bu, belə deyil.

Mən bu yaxınlarda bir sıra İran beyin mərkəzlərinin təmsilçiləri və mütəxəssisləri ilə görüşdüm. Hamısı eyni cür düşünmür, bəziləri konstruktiv mövqe tutur. Onların diqqətinə çatdırdım ki, Zəngəzur dəhlizi açılsa, Culfa vasitəsilə İran və Ermənistan arasında dəmiryolu əlaqəsi yaranacaq”.

F.Şəfiyev qeyd edib ki, İranın Ermənistanla dostluq əlaqələri var, Azərbaycanın da İsrail ilə: “Bu bizim suveren işimizdir. Bizim İsraillə olan əməkdaşlığımız daha çox təhlükəsizliyi təmin etməklə bağlıdır. İsrail silahları Vətən müharibəsində öz effektivliyini göstərdi. Mən sabiq diplomat olaraq, istərdim ki, məsələlər diplomatik yolla həll olunusun və İran bu regiona potensial əməkdaşlıq regionu kimi baxsın”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu