“Xocasəndəki əməliyyatda gömrük əməkdaşları həbs olunmayıb”
“Ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə əsassız məlumatlar yayılıb, hətta guya həbs olunan əməkdaşların DGK rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğunu özündə ehtiva edən informasiyalar tirajlayıblar”.
AFN.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir.
Həmçinin açıqlamada gömrük sistemində şəffaflıq üçün islahatların aparıldığı da bildirilib: “Əvvəla qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya və digər qanunazidd əməllərin qarşısının alınmasıdır. Son 4 ildə bu istiqamətdə nəzarət və mübarizə tədbirləri gücləndirilməklə yanaşı, mütəmadi olaraq gömrük əməkdaşları ilə profilaktik işlər aparılır, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları müstəqil olaraq, eyni zamanda aidiyyəti digər dövlət orqanları ilə birlikdə xüsusi əməliyyatlar keçirir və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılır.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda həyata keçirilib və hazırda Komitənin aidiyyəti strukturları tərəfindən aparılan müvafiq araşdırmalar davam etdirilir.
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara və sahibkarlara müraciət edərək gömrük sistemində qarşılaşdıqları hər hansı qanunsuzluq, korrupsiya və rüşvət halları ilə bağlı kimliyindən və rütbəsindən asılı olmayaraq Komitəyə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir.
O cümlədən, hər kəsi Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yaymamağa, gömrük orqanlarının fəaliyyətinə kölgə salmamağa çağırırıq. Xatırladaq ki, qanunun tələblərinə əməl etməmək qanun qarşısında məsuliyyət yaradır”.