Qəzada ağır yaralanan məktəbli sağlamlığına qovuşub
İyunun 12-də Bakı-Şamaxı yolunda baş verən qəzada ağır yaralanan VI sinif şagirdi Elnur Qasımov sağlamlığına qovuşub.
AFN.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumatda bildirilir ki, E.Qasımov bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı və kəllə-beyin travması diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicəyə cəlb edilmişdi. Aldığı travma səbəbindən onun müalicəsi üçün TƏBİB-in digər tabeli müəssisəsi olan Uşaq Nevroloji Xəstəxanasından həkim-mütəxəssislə konsilium aparılaraq əməliyyatına qərar verilmişdir.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımovun nəzarəti altında həkim-travmatoloq Elşən Məhərrəmov tərəfindən icra edilən əməliyyat uğurla nəticələnib.
16 gündür müalicə alan E.Qasımov bu gün xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb.