Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA
Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb.
AFN oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb.
Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.İlkin məlumata görə, onun hamilə olduğu deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub:
“Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyülərək küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır”.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, 04.08.2022-ci il tarixində saat 08:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə 1992-ci il təvəllüdlü qadın gətirilib:
“Qadın bədəninin müxtəlif növ nahiyələrinin qapalı travması diaqnozu ilə xəstəxananın Təcili Tibbi Yardım Bölməsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Rentgen və ultrasəs müayinələrdən (USM) keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”.