“ƏDV geri al”la bağlı vacib xəbər: Gələn ildən etibarən... - VİDEO
2020-ci ildən fəaliyyətə başlayan əlavə dəyər vergisinin bir hissəsinin vətəndaşlara geri qaytarılmasının tətbiqi layihəsi uğurla davam edir.
Həmin dövrdən bu günə kimi alınmış mallara görə ödənilən ƏDV ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manat məbləğində olub. Bu ilin yanvar-sentyabr ayları ərzində isə 147,2 milyon manatdan çox ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Zaur Seyidov qeyd edib ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qaytarılır.
“2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və əldə edilmiş xidmətlərə görə istehlakçılara qaytarılmış ƏDV məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur”, - deyə Z.Seyidov əlavə edib.
Qeyd edək ki, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur. Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 75 mindən çoxdur.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: