Alimpaşa Məmmədov Penitensiar xidmətin təcridxanasına köçürülüb
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyev sədrliyi ilə keçirilən hazırlıq iclasında ilkin dinləmələr keçirilib.
Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Bundan başqa, məhkəmədə Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar xidmətin təcridxanasına köçürüldüyü məlum olub.
İş üzrə baxış iclası noyabrın 24-ə təyin olunub.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq bitərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (APA)