Alimpaşa Məmmədovun oğlu məhkəmə zalından çıxarılıb
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda A.Məmmədov elan olunmuş ittiham üzrə epizodların bir çoxunu qəbul edib.
Məhkəmədə məlum olub ki, sabiq başçısının oğlu zalda əyləşib. Hakim qeyd edib ki, o, cinayət işi üzrə şahid qismində tanınır. Daha sonra A.Məmmədovun oğlu məhkəmə zalından çıxarılıb.
Məhkəmənin növbəti iclası dekabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Report