Heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalına güzəştlər davam etməlidir - təklif


Noyabrın 22-də Nazirlər Kabineti əhalinin qida rasionunda ciddi payı olan düyünün idxalı ilə bağlı qərar qəbul edib. Bir aydan sonra qüvvəyə minəcək qərara əsasən Pakistandan idxal edilən düyünün idxalı 2027-ci ilin 31 dekabrına qədər idxal gömrük rüsumundan azad olunur.


Başqa hansı sahələrdə bu cür güzəştin tətbiqinə ehtiyac var? AFN.az- bununla bağlı danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan güzəştlər minimum 5 il davam etməlidir: “Bu güzəştlərin bir çoxunun müddəti 2023-cü ilin 1 yanvarında bitir. Halbuki onlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Biz bu günlərdə müvafiq dövlət orqanları ilə səmərəli müzakirələr apardıq. Gözləntilərimiz güzəştlərin 2027-ci ilədək davam etdirilməsi yönündədir. Çünki dünyada ərzaq təhlükəsizliyi sahəsində təhdidlər qalmaqdadır. Xüsusilə gələn il əlverişsiz hava şərtləri səbəbilə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsalında azalma gözlənilir. Bu isə bütünlükdə ərzaq bazarında çatışmazlıq və bahalaşma təhlükəsi yaradır. Belə şərtlər daxilində yerli istehsalçıların dəstəklənməsi mexanizmlərinin davam etməsi zəruridir”.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu