Quş əti və yumurtanın qiyməti ucuzlaşacaqmı?


Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bunula da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində bir sıra mühüm addımlar atılıb.


2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.
Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev iyulun 1-də “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.
Qeyd edək ki, Cənab Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi.
Azərbaycan heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq Nazirlər Kabineti fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb.
Fevralın 27-də isə Prezident İlham Əliyevin fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddətini 2024-cü ilin 1 yanvarına qədər artırılıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq: “Bildiyiniz kimi, 2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb: yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail oldular. Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçünbaşda cənab Prezident olmaqla, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən birim olaraq qalır”.

M.Həsənli həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib: “Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Cənab Prezidentə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu