Bazara ucuzluq gəlir?


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 364,2 min ton ət, 1457,6 min ton süd, 1323,3 milyon ədəd yumurta istehsal edilib.



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9%, süd istehsalı 1,7%, yumurta istehsalı isə 4,2% artıb. Qeyd edək ki, yerli istehsalla yanaşı, ölkəmizə quş əti, ət, süd və süd məhsulları idxal edilir. Hazırda ərzaq məhsullarının əksəriyyətinin qiymətində isə artım müşahidə edilir.

Adıçəkilən məhsulların istehsalının artması qiymətlərin azalmasına təsir edəcəkmi?

Azərbaycan Quş əti, Yumurta İtehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, istənilən halda istehsalın artması qiymətlərin sabitləşməsinə gətirib çıxarır:

Bazara ucuzluq gəlir?



“Qiymətlərin qalxması əsasən yem və yem qatqıları ilə bağlıdır. Onların bahalaşması baş verəndə istənilən halda qiymət qalxacaq. Hazırda qiymətlərin qalxmasına elə bir səbəb yoxdur. Hesablamalarımıza əsasən, Azərbaycan quşçuluq sektorunda ətçilik üzrə illik soya şrotu(sıxılmış cecə) istehlakı 100 min tona yaxın, qarğıdalı istehlakı 188-190 min ton, buğda istehlakı 70-80 min tondur. Bu həcmdə yemlə Azərbaycanın illik tələbatı olan140 min ton toyuq əti istehsalını təmin etmək olur. Ukraynada başlanan müharibə dünyada quşçuluqda istifadə olunan yem məhsullarının – qarğıdalı, soya, günəbaxanın qiymətinin kəskin bahalaşmasına səbəb oldu. Bu isə bizim xərclərimizi artırmaqla quş əti və yumurtanın qiymətinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan soya şrotu və soya paxlasını adətən Argentina, Braziliya və Ukraynadan alır. Qiymət baxımından ən əlverişlisi Argentina və Ukraynadır. Rəsmi statistikadan da aydın görünür ki, Azərbaycanın heyvandarlıq və quşçuluq sektorları bu iki ölkədən alınan soya məhsullarından ciddi şəkildə asılıdır. Məsələn, 2022-ci ilin yanvar ayında Azərbaycana 3796,41 ton Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar, 4247,33 ton digər soya paxlaları idxal edilib. Birinci məhsulun 2082,06 tonu Argentinadan,1714,35 tonu Ukraynadan, ikinci məhsulun hamısı Ukraynadan alınıb. Bu məhsulların mühüm hissəsi quşçuluq təsərrüfatlarının əsas yem xammalıdır. Onların bahalaşmasının daxili bazarda quşçuluq məhsullarının istehsalındakı xərclərə təsirini azaltmaq üçün biz dövlətimizə müraciət etdik ki, bu məhsulların idxalından ƏDV tutulması dayandırılsın. Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərmanla soya və soya şrotu, günəbaxan cecesinin idxalı Əlavə Dəyər Vergisindən azad olundu. Ölkə başçısının bu fərmanı qiymətlərin 6-7 faiz azalmasına təsir etdi”.

O bildirib ki, hazırda ölkəmizə çox az bir miqdarda quş əti idxalı var:

“Ötən ilə nisbətən çox fərqlidir. Hazırda marketlərdə quş əti məhsulları ilə bağlı ƏDV-nin hesablanmaması isə kənd təsərrüfatı məhsullarının ƏDV-dən azad olunması ilə bağlıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu