Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə görüşəcək
Ukrayna ilə Rusiya arasında dördüncü ilinə qədəm qoyan müharibənin diplomatik yolla həlli istiqamətində səylər davam edir.
AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin noyabrın ilk yarısında Əbu-Dabidə texniki səviyyədə görüşmək barədə razılığa gəldiklərini açıqlayıb.
Zelenski ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə cümə günü görüşdüyünü bildirib. O, istənilən sülh sazişinin Ukrayna üçün güclü təhlükəsizlik təminatlarını və Ukrayna ordusunun mövcudluğunu davam etdirməsi məqsədilə 10 illik maliyyələşdirməni əhatə etməli olduğunu vurğulayıb. Zelenski görüşün noyabrın ilk yarısında, mümkün qədər tez keçirilməsinin planlaşdırıldığını deyib və Avropanın da danışıqlarda iştirak etməli olduğunu bildirib.
Texniki səviyyəli danışıqlardan sonra ölkə liderlərinin bir araya gəlməsinin böyük əhəmiyyət daşıdığını qeyd edən Zelenski istənilən məsələnin müzakirəsinə hazır olduqlarını, lakin ərazi məsələsinin həssas mövzu olduğunu və yalnız liderlər səviyyəsindəki görüşlərdə müzakirə edilə biləcəyini söyləyib.
Zelenski Starlink və Starshield xidmətlərinə tətbiq olunan sürət məhdudiyyətlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı peyk rabitəsi xidmətlərinin 48-72 saat ərzində əvvəlki vəziyyətinə qaytarılacağına zəmanət verib, lakin bu, baş verməyib. Ukrayna lideri mülki ərazilərdə və cəbhə xəttinə daha yaxın bölgələrdə də eyni məhdudiyyətlə üzləşdiklərini deyib.
Zelenski, həmçinin Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması ilə bağlı Qərb təşəbbüslərinin Moskvanın müharibəni davam etdirməsinə şərait yaratdığını bildirərək bu addımlardan narazılığını ifadə edib. O, sanksiyaların təsirli olduğunu, lakin onların hamısının tətbiq edilməli olduğunu vurğulayıb və sanksiyaların tətbiqinə başlanılıbsa, onların ləğv edilməməsinə çağırıb.
