Zelenski: Üçtərəfli danışıqlar martda Əbu-Dabidə ola bilər



Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına yönəlmiş üçtərəfli danışıqların növbəti raundunun mart ayının əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tuta biləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, Zelenski sosial media hesabından paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirərək, müharibənin sona çatdırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb. O, İsveçrənin Cenevrə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətlərinin bir araya gəldiyini xatırladıb.

Həmin görüşdə iştirak edən Ukrayna rəsmiləri, həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşnerlə gün ərzində bir neçə dəfə telefonla danışdığını bildirən Zelenski, üçtərəfli müzakirələr üçün daha ciddi hazırlıqların görüldüyünü qeyd edib.

Zelenski növbəti görüşün böyük ehtimalla martın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini gözlədiklərini ifadə edib. Müharibənin bitməsi üçün liderlər səviyyəsində görüşün keçirilməsinin vacibliyini müdafiə edən Ukrayna rəhbəri, bu formatın bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Digər tərəfdən, Rusiyanın ötən gecə Ukraynanın müxtəlif bölgələrinə yüzlərlə pilotsuz uçuş aparatı və onlarla raketlə hava hücumu təşkil etdiyini bildirən Zelenski, ölkənin hava hücumundan müdafiə sistemlərinin 30-dan çox raketi və PUA-ların əksəriyyətini zərərsizləşdirdiyini qeyd edib. O, son həftələrdə hərbi hava qüvvələrinin daha səmərəli işləməyə başladığını, xüsusilə belə intensiv hücumlara qarşı müdafiənin təşkilində bəzi struktur dəyişikliklərinin edildiyini diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu